Ermənistandan gələn Azərbaycan millisi - SİA-YA DANIŞDILAR

15 Aprel 2023 22:47 (UTC+04:00)

Aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı yandırıldığı üçün ağırlıqqaldırma millimiz turnirdə iştirakdan imtina edib. Bununla əlaqədar olaraq Ağırlıq qaldırma üzrə Azərbaycan millisi iştirakdan imtina edərək Vətənə dönüb. Bu gün vətənə qayıdan Azərbaycan millisi böyük çoşğu ilə Beynəlxalq hava limanında qarşılanıb. SİA yaşanan hadisə ilə əlaqdar olaraq orada iştirak edən idmançıların fikirlərini öyrənmək məqsədi ilə Heydər Əliyev adına Beynəlxalq hava limanına yollanıb. Orada mövcud vəziyyətlə bağlı idmançılarımıza bir sıra suallar ünvanlanıb.

İdmançı Nazilə İsmayılova: "Fikrimcə, Ermənistan xalqı Azərbaycanın dövlət himninin orada 2-ci dəfə oxunmasına etiraz aksiyası olaraq belə bir hərəkətə əl atdılar. Baş verənlər ermənilərin bizim idmançılardan necə qorxduqlarını bir daha sübut etdi. Ermənistan Azərbaycan bayrağına qarşı etdiyi bu əməllə necə barbar bir dövlət olduğunu bütün dünyanın gözü qarşısında sərgiləmiş oldu. Allah qoysa biz gələn yarışlarda daha yaxşı iştirak edəcəyik. Biz qalib ölkənin vətəndaşı kimi ora getmişdik. Bizim heç bir təhlükəsizliyimiz orada təmin olunmamışdı".



İdmançı İsa Rüstəmov: "2023-cü il aprel ayının 14-də Ermənistanın İrəvan şəhərində keçirilən ağır atletika üzrə böyüklər arasında Avropa Çempionatının açılış mərasimində bizim bayrağımızı yandırdılar. Bu hadisə Nikol Paşinyanın gözləri önündə baş verdi. Onlar bununla da sübut etdilər ki, təşkilatçılığı bacara bilmirlər. Bütün dünyada özlərini biyabır etdilər".


İdmançı Ömər Cavadov: "Bu yarışda böyük ümidlərimiz var idi. Ermənistanın təxribatı nəticəsində puç oldu. Biz əlimizdən gələnin ən yaxşısını etməyə hazır idik. Təəssüf ki alınmadı. Ümid edirik ki, bundan sonrakı yarışlarda özümüzü sübut edəcəyik. Onların bu hərəkətindən sonra bizim orada qalmağımız düzgün deyildi. Bu baxımdan biz də qayıtmaq qərarını aldıq. Bundan sonra 5 yarışımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".