Dünyamızı artıq informasiya və kommunikasiya texnologiyaları olmadan təsəvvür belə etmək mümkünsüzdür və bu, hər kəsin qəbul etdiyi bir reallıqdır. O da bir reallıqdır ki, cəmiyyət davamlı şəkildə inkişaf etməkdədir və bu inkişafa təsir edən ən vacib, ən əsas amil məhz informasiya və kommunikasiya texnologiyalarıdır. Elə bu səbəbdəndir ki, artıq informasiya və kommunikasiya texnologiyaları bizi əhatə edən bütün sahələri həm əhatə edir, həm də bütün sahələrə siraət edir.
Sözsüz ki, informasiya və kommunikasiya texnologiyalarının, yeni texnologiyaların tətbiqi bütün dünyada bərabər şəkildə deyil, onların tətbiqi hər bir ölkənin özünəməxsus inkişaf istiqamətindən, tempindən, ələlxüsus da imkanlarından bilavasitə asılıdır və məhz buna görə də istənilən ölkənin elmi, iqtisadi və digər sahələrinin, eləcə də dövlət idarəçiliyinin belə səviyyəsinin göstəricilərindən biri informasiya və kommunikasiya texnologiyalarının dərəcəsi, səviyyəsi hesab olunur. Məhz buna görə də müasir dünyada ölkələrin rəqabət aparmaq qabiliyyəti həmin ölkələrin məhz informasiya və kommunikasiya texnologiyalarından effektiv istifadə dərəcəsindən bilavasitə asılıdır və hazırda dünya bazarında elektron ticarətin rolunun son onillikdə əhəmiyyətli dərəcədə artdığı bunu isbatlayır. Belə olan halda, hər bir ölkə informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində ardıcıl tədbirlər görməsi, bu sahənin inkişaf etdirilməsinin ölkələrin dövlət siyasətinin prioritetlərindən birinə çevrilməsi məntiqidir.
Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi prioritet məsələdir və bu, göründüyü kimi, heç də səbəbsiz deyil, müasir dünyada ölkələrlə rəqabət aparmaq qabiliyyəti deməkdir. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan informasiya kommunikasiya texnologiyaları sahəsinin inkişaf tempinə, eləcə də səviyyəsinə görə fərqlənir. Ona görə ki, bu sahə həm də ölkəmizin sosial-iqtisadi həyatında mühüm rol oynayır. Bu səbəbdəndir ki, həmin sahənin davamlı şəkildə inkişaf etdirilməsinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı var. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi məqsədi ilə aparılan islahatlar deyilənləri təsdiq edir və məqsəd innovasiya yönümlü fəaliyyətin daha da inkişaf etdirilməsi, gücləndirilməsi, daha informativ cəmiyyətin qurulmasıdır. Bu məqsədlərə nail olmaq üçün də dövlətimiz öz dəstəyini göstərir və həmin sahənin daha da inkişaf etdirilməsi üçün bu dəstəyin rolu da danılmazdır. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi üzrə innovasiya fəaliyyəti ilə məşğul olan subyektlərə stimullaşdırıcı xarakterli maliyyə ayrılması, müxtəlif yeni texnoloji vasitələr və mexanizmlərin hazırlanması istiqamətlərində yardım məhz dövlətimizin dəstəyidir və bunu hər birimiz müşahidə etməkdəyik.
Artıq çoxdandır ki, tətbiq olunan "Elektron Hökumət" ölkəmizdə inkişaf dinamikasını daha da sürətləndirən amillərdən hesab olunur. Ona görə ki, bunun reallaşdırılması, tətbiqi əvvəla, dövlət qulluqçuları və vətəndaşlar arasında münasibətləri sadələşdirmək və şəffaflaşdırmaq baxımından əvəzsizdir. Digər tərəfdən də müasir texnologiyaların imkanlarından istifadə edilməsi, xüsusilə "Elektron Hökumət" ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması deməkdir. Xüsusilə bürokratik əngəllərin aradan qaldırılması üçün əvəzsiz sayılan elektron xidmətlərin göstərilməsinə artıq əksər dövlət orqanlarında rast gəlirik. Eyni zamanda, “ASAN xidmət” özü ölkəmizdə elektron xidmətlərin yaradılması istiqamətində ən parlaq nümunə sayılır və bu xidmət də öz növbəsində, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması, sürətləndirilməsi məqsədi daşıyır. Xüsusilə diqqətə çatdırmaq lazımdır ki, vahid məkanda operativlik, şəffaflıq, müasirlik, texnoloji imkanların yüksəkliyi kimi prinsiplərə uyğun şəkildə dövlət xidmətlərinin və özəl xidmətlərin göstərilməsi əsasında formalaşdırılan standartlar məhz dövlət başçısının, cənab Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdəndir və prioritet məsələdir.
Bilirik ki, hazırda bütün dünyada müşahidə edilən hərbi toqquşmalarda belə ölkələr təkcə silah gücünə deyil, informasiyanın və yüksək texnologiyaların tətbiqi hesabına üstünlüklər əldə edirlər və biz bunun elə 44 günlük Vətən müharibəsində də şahidi olduq. Şühidi olduq ki, yüksək texnologiyaların tətbiqi sayəsində qələbəmizi ən qısa zamanda əldə edə bildik və çox sevindirici haldır ki, bu sahədə Azərbaycanın təcrübəsi artıq bütün dünya ölkələri tərəfindən həm öyrənilir, həm də tədris edilir. Bu isə o deməkdir ki, ölkəmizin digər sahələrlə yanaşı, informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sahəsində nəinki düşməndən, eləcə də bir çox ölkələrdən dəfələrlə üstün olması qəbul edilir, etiraf olunur. Deməli, gördük ki, informasiya və kommunikasiya texnologiyalarının inkişafı ölkənin təkcə sosial-iqtisadi həyatında deyil, bütün sahələrində öz müsbət təsirini aydın şəkildə göstərməkdədir.
Vətən müharibəsi, 44 günlük müharibə bitdikdən sonra da ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə böyük yer ayrıldığı göz önündədir. Birinci növbədə “Ağıllı kənd” layihəsinin reallaşdırılması bunun bariz nümunəsi hesab olunur. Həmin layihənin reallaşdırılması, həyata keçirilməsi öz yurd-yuvalarına qayıtması planlanlaşdırılan vətəndaşlarımızın həyat şəraitinin daha da yaxşılaşdırılması, onların bütün xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədi daşıyır, kənd və şəhər arasındakı fərqi faktiki olaraq aradan qaldırmış olur. Təbii ki, bütün bunlar məhz informasiya və kommunikasiya texnologiyalarının inkişafı, tətbiqi sayəsində baş verir və bütün bu sadalananlar ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin, elektron xidmətlər sahəsində dövlətimiz tərəfindən görülən işlərin, aparılan islahatların məntiqi nəticəsidir. Görünən odur ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı prioritet məsələdir və bu sahəyə dövlətimizin diqqəti, qayğısı, eləcə dövlət dəstəyi təkzib edilə bilməz.
Müəllif: İnam Hacıyev
6.3.13. "İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi"
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.
