“Namaz qılmadan oruc tutmaq olarmı? Bu sual illərdir ki, konkret cavabını tapmır. Burada fərqli fikir və baxışılar var”. Bu sözləri SİA-ya açıqlamasında Hacı Təyyar Hüseynli deyib.
Onun sözlərinə görə, insanların oruc tutmağa həvəs və meyl göstərməsi çox müsbət haldır: “Bu çox böyük bir mənəvi saflıqdır. Amma buna mane ola biləcək arqument gətirirlər ki, “Namaz qılmırsansa, oruc tutmaq məntiqsizdir”. Bu kökündən yanlış bir yanaşmadır. Namaz da, oruc da ibadətdir. Namaz xüsusi göstərişlərə görə gündəlik ibadətdir. Oruc isə vacib olaraq ildə bir dəfə olan ibadətdir. Amma qeyri-vacib olaraq il ərzində oruc bəyənilən bir ibadətdir.
Fərqli ibadətlər var. İnsan var ki, ibadətin birini edir digərini etmir. Biz də onu təkid edək ki, “Sən ibadətin birini edirsən, o birini etmə?!”. Bu hansı məntiqə sığır?”.
Hacı Təyyar Hüseynli sözlərinə belə davam edib: “Bu məsələnin kökündə bir ideoloji prinsip var ki, yaradanla dialoq bəndə arasında birinci körpüdür və ikinci mərhələdə isə oruc gəlir. Yəni deyirlər ki, yaradanla bəndə arasında birinci körpü yoxdursa, ikinci körpü ilahi istiqamətə yönələ bilməz. Amma mən belə düşünmürəm”.
Ayşən Vəli