“Kəndskoy” burqer FELYETON

14 Aprel 2023 13:00 (UTC+04:00)

Hə, yazın bax bu günlərində Fatma xala durur kənddən gəlir şəhərə oğlugilə. Əlinə keçəndən-otdan-alafdan, göy-göyərtidən də günlərlə yığıb tədarük edir ki, bəs şəhər yeridir, hardan alırlar, hardan tapırlar, aparım, orada uşaqlara qutabdan, kətədən bişirim, yesinlər. Arvad gəlib çıxır şəhərə. Oğlunun işi olduğu üçün heç anasını qarşılaya da bilmir. Ana da ağır çantaları ilə bu avtobusdan düşüb o birinə minə-minə birtəhər ki, gəlib çıxır evə.

Qapının zəngini basır, gəlini də handan-hana qapını açır, arvada çantalarını içəriyə daşımağa da kömək etmir. Fatma xala özü iki ayaq qayıdıb kənddən gətirdiyi nemətlər dolu çantalarını içəriyə daşıyır.

Gəlini:

-Ay Fatma xala, bu çantalara nə yığmısan belə?

Fatma xala:

-Yaz nemətləridir, bala, nə olacaq?

Gəlini:

-Niyə burada bunlardan yoxdur ki, ordan bura özünü yükləmisən?

“Yükləmisən, sözə bax”,-deyə Fatma xala qapının ağzındaca gəlinindən ürəyinə iynə kimi batan ilk atmacanı alır. Lakin nə desin, qanan bineyi-qədimdən qanmazın qulu olmayıbmı?

Fatma xala keçir içəriyə, oturub bir stəkan çay içmədən, bir az dincəlmədən mətbəxə gedir ki, bəs çantalarını boşaltsın, soyuducuya yerləşdirsin, xarab olmasınlar. Fatma xalanın öz kəndlisi olan gəlini heç bir dəfə demir ki, ay xala, qoy mən yerləşdirim, sən istirahət et. Kənarda dayanıb arvadı süzür. Deyir ki, bəs mənim allergiyam var, bu ot-alafa əl vura bilmirəm. Ardınca da deyir ki, nəyə lazım idi axı bu qədər şey. Kimdir ki, yeyən? Uşaqlar bunların heç birini tanımır. Mən də ki, çoxdan unutmuşam. Yesə, bəlkə oğlun yeyə, ona da bu qədər yenə çoxdur.

Fatma xala nə etsin, qəti dillənmir. Lakin ürəyindən dərin bir sızıltı keçir. Bu ot-alafin hər biri üçün bir dəfə yerə əyildiyini xatırlayır, torpağın yaraladığı barmaqlarının başına nəzər salıb dərin bir ah çəkir. Çantaların hər birini açıb soyuducuya yığdıqdan sonra, “qızım, mənə bir çay ver”,- deyir.

Gəlini çayı gətirib masanın üstünə qoyub gözdən itir. Fatma xala da çayını içib, divanda bir az uzanıb istirahət edir. Birazdan sonra qalxıb yenidən mətbəxə keçir ki, xəmir yoğursun, kətədən, qutabdan bişirsin ki, oğlu, nəvələri gələnə hazır olsun.

Fatma xala xəmiri yoğurur, acımağa qoyandan sonra gətirdikləri göy-göyərtidən yuyub doğramağa, qutabın içini hazırlamağa başlayır. Elə bu ərəfədə dalbadal qapının zəngi çalınır. Nəvələri bir-birinin ardınca gəlir. Nənə ilə görüşəndən sonra ona müəmmalı baxışlarla baxır və “ay nənə, nə bişirirsən belə?”- deyirlər. Nənə də cavab verir. Lakin uşaqlar təəccüblə nənəni süzürlər.

Nə isə.. Fatma xalanın gəlini başda olmaqla nəvələri də otaqlara çəkilirlər. Qadın mətbəxdə tək qalır. Başını aşağı salıb xəmir yayır, içlik qoyur, bükür, bişirir. Ətrafa gözəl rayihə yayılır. İşini bitirəndən sonra ortalığı səliqəyə salan Fatma xala sonda çaydanı doldurub ocağın üstünə qoyur ki, çay da hazır olsun.

O, mətbəxdən çıxanda artıq bayırda göz-gözü görmürdü. Birazdan qapı açılır, oğlu gəlir. İçəriyə girən kimi “evdən nə gözəl ətir gəlir. O dəqiqə bilinir ki, anam buradadır”,- deyir. Anası ilə görüşəndən, nə var, nə yox edəndən sonra Fatma xala dəmlədiyi çaydan və boşqaba yığdığı kətə, qutabdan masanın üzərinə düzür. Oğlu bəh-bəhlə yeməyə başlayır. Bu arada gəlini, nəvələri də gəlirlər. Fatma xala həvəslə: -Gəlin, nənə qurban, gəlin isti-isti yeyin bunlardan.

Nəvələri isə yenə də ona qəribə bir nəzər salır və deyirlər:-Yox ay nənə, bunlar nədir ki, belə? Biz bunu necə yeyə bilərik?

Söhbətin bu yerində gəlin nə desə yaxşıdır:

-Ay uşaqlar, bunlar kəndskoy burqerlərdir də.

Uşaqlar:

-Ay ana, sən nə danışırsan? Bunların burqerlə heç əlaqəsi yoxdur.

Ana:

-Təxmini oxşadıram da.

Uşaqlar:

-Biz burqeri heç nə ilə dəyişə bilmərik. Onun yerini belə ot-alafdan olan yeməklər tuta bilməz.

Söhbətə ata qarışır:

-Ay yazıq uşaqlar, ağzınızın dadını bilmirsiniz. Bunlarda olan vitamin, ətir, dad sizin yediyiniz o mənşəyi məlum olmayan burqerlərdə ola bilməz. Hər gün ya bayırda yeyirsiniz, ya da evə sifariş edirsiniz. Burqer yeməkdən axırda birtəhər olacaqsınız.

Gəlin:

-Niyə elə deyirsən, burqerin bu “kəndskoy” yeməkdən nəyi pisdir ki? Səhərdən anan yerə oturmayıb. Amma bir zəngdir, edirsən, 10 dəqiqəyə qapıda olur. Dadına da doymursan.

Bu sözlərdən sonra Fatma xala ilə oğlu bir-birinə baxır və başlarını bulayırlar.

***

Daha nə deyə bilərdilər ki... Burqeri kəndin təbii göy-göyərtisi ilə bişən kətə-qutabdan üstün tutan, bunun mahiyyətini anlamayan, kənddən gəlib şəhərdə dəyişən anaya və onun tərbiyə verdiyi uşaqlarına başqa nə demək olardı ki...

Mətanət Məmmədova