Hazırda dünya ölkələri arasında iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyi bir dövrdə beynəlxalq turizm xarici iqtisadi fəaliyyətin ən dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Ümumiyyətlə, turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan, sosial və iqtisadi əlaqələrini tənzimləyən, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər, dostluq əlaqələri yaradan, biznes maraqlarının əhatə dairəsini genişləndirən sahədir. Dünyanın hər yerində turizmin inkişafına dövlətlər və sivilizasiyalar səviyyəsində böyük maraq göstərilir.
Azərbaycan da bu turizm ölkələrindən biri sayılır. Respublikamızın bütün regionları turizm baxımdan əlverişli imkanlara malikdir. Zəngin təbiəti, coğrafi mövqeyi, ən əsası qədim tarixə malik olması xarici turistlərin ölkəmizə axınını son zamanlarda daha da artmışdır. Lakin pandemiya şəraitinin yaranması, Covid 19-un ölkələr arasında sürətlə yayılması bu işlərə bir az ara verməyimizə səbəb olmuşdu.
Artıq pandemiya təhlükəsi arxada qaldı. Turizm sektorunda canlanma hiss olunur. Dünyanın hər yerindən, o cümlədən uzaq Çindən ölkəmizə turistlərin üz tutması sevindirici haldır. Artıq dünən Çindən gələn ilk turist qruplarının doğma Azərbaycanımıza səfəri baş tutdu. Turistlərin Azərbaycan memarlığının nadir incisi olan İçərişəhər, Xəzər dənizinin sahilində nəhəng bir qayanın üzərində tikilmiş Qız Qalası, Qobustan qayalıqları, Şamaxı tarixi abidələri, Bakıdan 305 km məsafədə yeləşən Şəki şəhəri - Şəki Xan sarayı, Kiş çayının qollarından birinin sol sahilində, Qaratəpə dağının üzərində yerləşən "Gələrsən-görərsən" qalası kimi gözəl guşələrimizə səfərləri baş tutacaqdır.
Gələcəkdə Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə yaradıcalaq turizm zonalarına da çinli turistlərin səfərlərinin təşkili nəzərdə tutulub.
“China Travel” turizm şirkətinin direktoru
Ruslan Şərifov
