“İlk növbədə Azərbaycanda güllə və stend atıcılığı haqqında danışarkən mütləq şəkildə deməliyik ki, Azərbaycan idmanın bu növləri üzrə inkişaf etmiş dövlətlərdəndir”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və idman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
Qurum rəsmisi qeyd edib ki, güllə və stend atıcılığı üzrə olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, dünya kubokunda daim yaxşı nəticələr olub: “Bu idman növündə Olimpiya, dünya və Avropa çempionumuz var. Bu günləri Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Güllə atıcılığı Federasiyası çalışır ki, növbəti il Parisdə keçiriləcək Olimpiya oyunlarında ölkəmiz atıcılığın hər iki növü üzrə təmsil olunsun. Artıq demək olar ki, Paris Olimpiya oyunları üçün güllə atıcılığı üzrə idmançımız Ruslan Linov ölkəmizə ilk lisenziyanı qazandırıb. Bu nəticələr onu deməyə əsas verir ki, ölkəmizdə daima bu idman növü üzrə ölkə çempionatı, paytaxt yarışları keçirilir. Sevindirici hal budur ki, həm paytaxtda, həm regionlarda inkişaf gedir. Federasiya tərəfindən yeni klublar yaradılır və regionlarda tirlər quraşdırılır, stend atıcılığı üçün şərait yaradılır.
May ayının 8-15 tarixlərində Bakıda dünya kuboku yarışı keçiriləcək. Sözügedən yarış reytinq yarışıdır və reytinq əmsallarını yaxşılaşdıran idmançıların olimpiya oyununda iştirak etməsi üçün böyük bir fürsətdi. Avqust ayında Bakıda isə həm stend, həm də güllə atıcılığı üzrə Olimpiya oyunlarına birbaşa lisenziya yarışı keçiriləcək. Birmənalı olaraq güllə və stend atıcılığı idman növü ölkəmizdə inkişaf mərhələsini yaşıyır. Ümid varıq ki, ölkəmizdə keçirilən beynəlxalq yarışlarda milli yığma komandanın üzvləri nəticələri ilə bizi sevindirəcək”.