Yaz aylarında hansı qidalara üstünlük verməliyik? - DİETOLOQ DANIŞDI

12 Aprel 2023 15:06 (UTC+04:00)

"Artıq günlər uzanıb, hava isinir. Sözsüz ki, təbiətdə olan dəyişiklik orqanizmdə də dəyişikliklərə səbəb olur". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Sevinc Həsənzadə bildirib: "Orqanizmdə olan sabitlik tamamilə dəyişir. Bəs bu dövrdə necə qidalanmaq lazımdır? Qışda melatonin adlanan yuxu hormonunun çoxalması səbəbindən seratonin, yəni xoşbəxtlik hormonu azalır. Bu zaman isə insan yatmaq istəyir, bir çoxları halsızlıq, yuxusuzluq yaşayır, hətta depressiyaya düşür. Sanki passivləşmə baş verir. Nəticədə insan kökəlməyə meylli olur: İlk növbədə mövsümi meyvə və tərəvəzlərdən bol istifadə etmək lazımdır. Bir azdan yaz, yay meyvələri yetişəcək. Çiyələk, gilas, moruq və digər meyvə və giləmeyvələrdən bol-bol istifadə etməliyik".

Sevinc Həsənzadə sözlərinə belə davam edib: "Onların tərkibində bol miqdarda vitamin var. Kalorisi də çox aşağıdır. Bu mənada qida rasionumuzda yaz meyvələrinin üstünlük təşkil etməsində fayda var. Pomidor, xiyar, lobya, badımcan kimi tərəvəzlərdən gündəlik olaraq istifadə etməliyik. Onların lif qatı çox olduğu üçün insanı uzun müddət tox saxlayır. Tərkibi vitaminlə zəngindir. Bütün bunlarla yanaşı havalar isindikcə maye qəbulunu artırmalıyıq. Qış fəslində 1-1,5 litr su içiriksə, yayda 2.5-3 litrə qədər su içə bilərik. Çünki yayda bədənimiz daha çox maye itirir. Məlumdur ki, hər birimiz yaz aylarında vitamin çatışmamazlığı kimi problemlə rastlaşmışıq. Bu mövsümdə dərimiz quru, saçımız qidasız, dırnaqlarımızda hətta belə bəzi xoşagəlməz xəstəliklər yaranır. Bunun qarşısını almağın ən gözəl yolu bu aylarda C, D, B1, B2 umumilikdə B qrupu vitaminləri və təbii ki E vitamini qəbul edilməkdir. Həftədə bir dəfə qırmızı ət məhsulları istehlak olunmalıdır. “Qırmızı ətlə yanaşı, balıq da yemək lazımdır. Çünki balıqda əvəzolunmaz yağ turşuları var. Bununla yanaşı, quzunun qaraciyəri də istehlak olunmalıdır. Çünki qaraciyər D vitamini ilə zəngindir. Xüsusilə mövsümündə yetişən göyərtilər və tərəvəzlərdən yemək lazımdır. Ağ undan, yəni rafinə olunmuş undan, şəkərdən hazırlanan karbohidratlardan uzaq durmaq tövsiyə olunur”.