“Dünən Milli Məclisin plenar iclasında məsələ qaldırıldı ki, vətəndaşlar özləri və yaxınları üçün xaricdən dərman gətirmək istədikdə gömrükdə problem yaşayırlar. Yəqin ki, bu məsələni qaldırmış həmkarlarımızın əllərində konkret faktlar var. Lakin, mən bu müddətdə həm araşdırma apardım, həm də müəyyən insanlarla ünsiyyət nəticəsində şəxsi istifadə üçün xaricdən gətirilən dərman preparatlarına elə bir ciddi problem yaradılmadığı qənaətinə gəldim. Amma müəyyən norma var ki, onu aşdıqda problemlər olur”. Bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin deputatı Müşfiq Məmmədli deyib.

Müşfiq Məmmədli sözlərinə belə davam edib: “Təbii ki, insanların şəxsi istifadəsi üçün özlərinin və birinci dərəcəli yaxınlarının sağlamlığı baxımından elə önəmli dərman preparatları var ki, həqiqətən də onların xarici ölkələrdən gətirilməsi şərtdir. Məncə, bu istiqamətdə məhdudiyyətlər olmamalıdır. Təbii ki, bu dərmanlar kommersiya və digər məqsədlər üçün gətirilirsə, burada müəyyən addımların atılması təbiidir. Çünki dərman insan sağlamlığı üçün bəzən vacib, bəzən də təhlükə yaradan vasitədir. Ona görə də dövlətin bu sahədə nəzarəti insanların şəxsi istifadəsi, şəxsi rahatlığı üçün problem yaratmır və yaratmamalıdır. Bu istiqamətdə müvafiq orqanlar müəyyən addımlar atıb. Mən düşünmürəm ki, bu sahədə ciddi problemlər olacaq.
Mənim şəxsi mövqeyim odur ki, vətəndaş öz şəxsi istifadəsi üçün dərman preparatları gətirərkən problemlə qarşılaşmamalıdır”.
Ayşən Vəli