““Mançester Siti” və ya “Bavariya” finala çıxmağa layiq futbol klublarıdır”. Bu sözləri SİA-ya açıqlamasında “Səbail” futbol komandasının baş məşqçisi Şahin Diniyev bildirib.
Baş məşqçi qeyd edib ki, bu komandalardan hansı finala çıxsa o qalib olacaq: “Fikrimcə çox maraqlı qarşılaşma olacaq. “Bavariya” çox rasional şəkildə meydanda oyun aparır. Alman futbolu nəticəyə hesablanmış oyun göstərəcək. Uzun müddətdir ki, “Marçester Siti” yarım finala qədər gəlib çıxır. Onlar üçün Çempionlar liqası əsas hədəfdir. Lakin buna nail ola bilmirlər. “Bavariya” isə uzun illərdir stabil taktikası olan bir klubdur. Bu qarşılaşmada nəticəni demək çətindir”.
Şahin Diniyev həmçinin eyni gündə meydana çıxan “Benfika” və “İnter” klublarının qarşılaşmaları barədə də öz fikirlərini qeyd edərkən bunu vurğulayıb: “ “İnter” klubu daha çox hücuma meyilli və səliqəli şəkildə oyun göstərir. “Benfika” isə meydanda öz rəngarəngliyi ilə seçilir. Fikrimcə, “İnter” klubu da “Bavariya” kimi nəticəyə hesablanmış bir şəkildə oyun göstərir. Bu matç barədə də nəsə demək çox çətindir”.