Quru sərhədlərin açılması turizmə necə təsir edəcək? - TURİZM EKSPERTİ RƏY BİLDİRDİ

10 Aprel 2023 11:37 (UTC+04:00)

“Qeyri-rəsmi olsa da, Gürcüstan mətbuatında Azərbaycanla may ayından etibarən quru sərhədlərin açılması xəbəri yayılıb. Quru sərhədlərin açılması turizmlə bağlı həlledici rol oynayır. Reallıqda baxsaq, əslində Azərbaycandan gedən və gələn xarici vətəndaşların yarıdan çoxu məhz quru sərhədlərlə hərəkət edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, bu mənada quru sərhədlər açılarsa, bunun turizmə təsiri mütləqdir: “Baxmayaraq ki, Gürcüstandan ölkəmizə gələnlərin çoxu soydaşlarımızdır, amma yenə də oradan Azərbaycana gələn xarici vətəndaşların sayına təsir edəcək. Gürcüstandan olan turistlərin bəziləri də Azərbaycana daha rahatlıqla keçid edə bilərlər”.

C.Aşurov sözlərinə davam edərək bildirib ki, 2022-ci ilin statistikasına görə pandemiyadan əvvəlki dövrlə müqayisədə 1,6 milyon xarici vətəndaş ölkəmizə gəlib: “Bunun az olmasının əsas səbəbi quru sərhədlərin bağlı olmasıdır. Hava yollarımızın açıq olmasına baxmayaraq quru sərhədlərin bağlı olması böyük əhəmiyyət daşıyır. Eyni zamanda, gələn turistlərin sayında 50% bərpaolunma varsa, gedənlərin sayında bərpaolunma daha azdır. Quru sərhədlər bağlı olduğu üçün təxminən 30%-ə yaxın bərpaolunma baş verib. Ancaq hava yolu ilə səyahət edə bildikləri üçün təxmini 1,5 milyon Azərbaycan vətəndaşı xarici səfərlər edib. Bu mənada quru sərhədlərin yaxın gələcəkdə açılması mütləq Azərbaycan turizmində aktivliyi təşviq edəcək. İstər istər Bakı şəhərində, istərsə də regionlarda bu aktivliyi hiss edəcəyik”.