“Ədəbiyyatşünaslıq” rubrikasından çoxlu yazıçılar haqqında yazmışam. Bu dəfəki yazım sevdiyim yazarlardan biri-dostum, AYB-nin üzvü, Prezident mükafatçısı , sadə bir peşənin sahibi olan şair-qəzəlxan Ziyafət Yəhya haqqındadır.
Ziyafət haqqında ədəbi-tənqidi yazı yazmaq çoxdankı arzum idi. Çünki bu şairi uzun illərdi ki, tanıyırdım. Hətta bir dəfə CTV-nin bir verilişində də ikilikdə olmuşduq. Sadə, düzlüyü sevən, üzügülər, zarafatcıl, daxili çox zəngin olan bir insandır Ziyafət. Özü-özüylə müsahibəsində də “Mən kiməm? Taksi sürücüsü, yoxsa şair?” sualına konkret olaraq Ziyafət Yəhya belə cavab verir: “Mən, Ziyafət Əkbərov, taksi sürücüsüyəm. Bu, mənim maddi ehtiyaclarımı qismən ödəyən peşəmdir və həm də AYB-nin üzvü , şair Ziyafət Yəhyayam. Bu isə mənim mənəvi ehtiyaclarımı ödəyib ruhi aclıqlarımı tam şəkildə ödəyən daxili dünyam, Allahın sonsuz olan söz dünyasından bir çimdik ayırdığı istedad payımdır.”
Ziyafət Yəhya oğlu Əkbərov 1952-ci ildə Lənkəran şəhərində müəllim ailəsində anadan olmuşdur. Əli çörəyə çatana qədər halal müəllim çörəyi ilə böyüyüb Ziyafət. 1980-ci illərdən etibarən şeirləri ilə dövri mətbuatda çıxış edib. 1992-ci ildən Lənkəranda bərpa olunan “Fövcül-Füsəha” ədəbi məclisinin fəal üzvlərindən biridir. 1995-ci ildə Lənkəran televiziyası onun haqqında “Sinəmdə bitdi hicranım” adlı televiziya filmi çəkmişdir. 1997-ci ildə “Şuşa” nəşriyyatında “İtkin düşən harayım” adlı ilk şeirlər kitabı çap olunub. 1998-ci ildə təşəbbüsü ilə yaratdığı orta məktəb şagird və gənclərdən ibarət “Ziya” ədəbi məclisinə rəhbərlik edib.
2012-ci ildə Lənkəran şəhər bələdiyyəsinin nominasiyasında ədəbi fəaliyyətinə görə “İlin adamı” mükafatına layiq görülüb.
2005-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2022-ci ildən Prezident mükafatçısıdır.
Şair-qəzəlxan Ziyafət Yəhyanın poetik dünyasına daxil olan şeir və qəzəllərin demək olar ki, hamısında bir şair qəlbinin hərarəti, fəlsəfəsi duyulur.
Son döyüntüyə
Kökləndi ürək
Son not kimi.
Gözümü açdım,
Ölümə oyandım,
Ətrafa boylandım.
Yoxluqla baxışdım.
Yoxluqla barışdım.
Varlığa qarışdım...
Şairin yaradıcılığına qiymət verən AMEA-nın həqiqi üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Parlamentin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərov yazır: ”Ümumilikdə Ziyafətin yaradıcılığında vətənpərvərlik üslubunda, satira üslubunda, ailə-məişət və s. üslublarda rəngarəng şeirlər olsa da, şairin dəst-xəttində əsasən, məhəbbət və fəlsəfi şeirləri üstünlük təşkil edir.” Akademikin fikrincə şair Ziyafət Yəhyanın istər şeir və istərsə də qəzəllərində poetik yeniliklər, təzə-tər bədii assosiasiyalar da yetərincədir.
Bəxtimə gecikən qismətim kimi,
Ömrümə gecikən yazdı bu payız.
Yarpaqtək saralmış həsrətim kimi,
Saçları sarışın qızdı bu payız.
Yaxud aşağıdakı şeir parçasına diqqət yetirək:
Soyuq baxışların-hicran qayçısı,
Eşqin zəmisini rəhmsiz biçir.
Vüsal bələdçisi, sevgi elçisi,
Sevdiyim durnalar uzaqdan keçir.
Ziyafət Yəhyanın heca vəznli şeirlərində təbiətdə, cəmiyyətdə baş verən bütün hadisələr, şairi əhatə edən, bir sözlə, subyekti məşğul edən, həyəcanlandıran, sevindirən, kədərləndirən, yaxud onu coşduran nə varsa, onun həyata baxışlarının, gözəlliyə vurğunluğunun çağırışıdır. Hər bir şeiri oxuyarkən lirikanın təsirindən həyəcanlanır, müşahidə etdiyimiz obyektə subyektiv münasibət göstərməyə çalışır, emosiyalarımızı yığcamlaşdırırıq.
“Sənə hədiyyə”, “Keçir”, “Məndən uzaq gəz”, “Gələndə”, “Qayıtmısan”, “Necə”, “Ünvansız məzar”, “Məhəbbət”, “Söylədin mənə”, “Ovutmur məni”, “Mənimçün”, “Səndən sonra”, “Niyə ölmədim” və onlarla başqa lirik şeirlərində şairin taleyinin ayrı-ayrı parçaları var ki, bunlar oxucunun diqqətindən yayınmır. “Ovutmur məni” şeirinə diqqət yetirək:
Dan yeri soyuyur, şəfəqlər donur,
Sübhün üfüqləri isitmir məni.
Sən gedən yollara intizar qonur,
Ümidsiz soraqlar ovutmur məni.
Nisgilli göylərdə buludlar dolur,
Dağlar qaşın çatır, xəyala dalır.
Yarpaqlar saralır, çiçəklər solur,
Qurumuş budaqlar ovutmur məni.
Eşqimin qucağı üşüyür, gülüm,
Üşüyür aylarım, üşüyür ilim.
Sevgi ocağında soyuyur külüm,
Soyumuş ocaqlar ovutmur məni.
Şairin həyatındakı niskil, taleyin burulğanlarında başına gələn müsibət də onun müxtəlif şeirlərində hiss olunsa da, müəllif daha çox nikbinliyə qatılmağa çalışır, fəlsəfi nəticələr çıxarır.
Ziyafət Yəhya poeziyası şairi ən çox qəzəllərlə tanıtdırıb. Oxuculara məlumdur ki, Azərbaycan, eləcə də Şərq xalqlarının ədəbiyyatında geniş yayılmış şeir şəkillərindən biri də qəzəldir. Hər şair də qəzəl yaza bilmir. Qəzəl muğamımızın aşiqidir. Başqa heç bir şeir forması muğam musiqisinə yatmır. “Zabul-segah”, “Çahargah”, “Humayun dəsgahı”, “Şur muğamı”, “Vilayəti”, “Bayatı İsfahan” və onlarca başqa muğamlarımız xanəndənin ifasında məhz qəzəllərlə qidalanır. Qəzəllər də əruz vəzninin müxtəlif bəhrlərində yazılır. Şair Ziyafət Yəhya yaradıcılığını qəzəllərsiz təsəvvür etmək çətindir. O, daha çox əruzun ən məşhur bəhrlərindən olan rəməl və həzəc bəhrlərində yazıb-yaratmışdır.
Sinəm beytül-həzəndir, ey könül, qəmxanə axtarma,
Sən ey viran olan könlüm, gedib viranə axtarma.
Canım Pərvanədən əvvəl od almış dövri-bəzmində,
Mənəm pərvanən, ey şəm, boylanıb pərvanə axtarma.
Rəqibim güclüdür, yarım veribdir könlün əğyarə,
Pərişan zülfə ol əğyar vurubdur şanə, axtarma.
Aman gülzardə xarın əlindən bilmirəm neylim,
Susubdur şeyda bülbüllər, batıbdır qanə, axtarma.
Edibdir imtina Yusif Züleyxadan, bilir aləm,
Həya-abrın tutub üstün, düşüb zindanə, axtarma.
Eşitmiş dərdimi loğman, yanıb eşq içrə zar olmuş,
Xəyal etmə könül, çarəm qalıb loğmanə, axtarma.
Ziyafətdir adı Qeysin bu gün eşqi-məhəbbətdə,
Gedib çöllü-biyabanda, gəzib divanə axtarma.
Şair Ziyafət yazdığı bu qəzəlində həzəc bəhrinin növlərindən biri olan Məfailün təfiləsinin müəyyən miqdarda, qaydada təkrarlanması və dəyişməsinə əsaslanıb. Əsas qəlibi, başqa sözlə desək, birinci növü məfailün təfiləsinin dörd dəfə təkrarından yaranmışdır. Şair qəzəlin sonunda öz saf məhəbbətinin gücünü eşq sevdalısı Qeysin məhəbbətindən də güclü sayır. Niyə Ziyafətin qəzəllərində ahəngdarlıq yüksəkdir? Ziyafət həm də çətin tələffüz olan ərəb və fars mənşəli sözlərdən qaçır, Vahid ənənələrinin davamçısı kimi lirik qəzəllərində əruzun xüsusiyyətlərini gözləməklə Azərbaycan dilinin leksikomundan bəhrələnir.
Bilmirəm dərd ilə möhnət güc gələndə neyliyim?
Gözlərim ağlar ikən çöhrəm güləndə, neyliyim?
Düz bilib insanlığı öz duyğum, öz hissim kimi,
Qəlbimin aldandığın duyğum biləndə, neyliyim?
Sevdiyim kəslər mənə zülmün əyan etməkdədir,
Etibarım bu məram ilə öləndə, neylim?
Nurlu ümmid ilə aləmdə bu xoşbəxt günlərim,
Qol-boyun zülmət gecəylə əylənəndə, neyliyim?
Bilmək istər bu Ziyafət ruzigarın fikrini,
Söyləsin, bir qəhr ilə zillət gələndə, neyliyim?
Şair bu qəzəli rəməl bəhrində, fAilAtun fAilAtun fAilAtun fAilun təfiləsində yazmışdır.
Ziyafət daim axtarışda olan şairlərimizdəndir, onun oxucusu çoxdur. Hələ 1992-ci il avqustun 5-də Bakı, “Məcməüş-şüəra” və “Fövcül-Füsəha” ədəbi məclislərinin Lənkəranda görüşü zamanı bədahətən beytləşmədə iştirak edən şair özünün dəst-xəttinə sadiq qalaraq bu yarışın öncüllərindən biri olmuşdur. Həmin məclisdə Mirsalam Müasir, Ələkbər Şahid, Ələmdar Mahir, Namiq Şəfan, Mirhaşım Müsafir, Həkim Qəni, Məlikzadə Amil, Hacı Mail, Hacı Yaşar Əkbərov, Seyyidqızı Aliyə, Xanəhməd Nahid, Ziyafət Yəhya və Rüstəm Samit iştirak etmiş və bədahətən beytləşmişlər.
Bu cür beytləşmə yerli şairlər arasında da baş vermişdir. 1996-cı il aprelin 13-də Lənkəran şairlərinin bir qrupu Camal kişinin çayxanasında bədahətən beytləşmə aparıblar. Şairlərdən Ziyafət Yəhya, Oktay Zəka, Ağamir Cavad, Balayar Sadiq, Tofiq Həsənli və Hacıməmməd bu məclisdə öz məharətlərini göstərmişlər.
Beytləşmə sonuncu dəfə 1998-ci ilin avqustunda “Ruslan” çayxanasında keçirilmişdir. Bu məclisdə Tofiq Həsənli, Oktay Zəka, Mirhaşım Müsafir, Ziyafət Yəhya, Xilqət və Ağamir Cavad iştirak etmişlər. Ziyafət bir şair kimi qeylü-qalsız, zarafatcıl, xoş üzlü, çöhrəsindən təbəssümü əskik olmayan, qonaqpərvər, bu namərd dünyadan baş açmağı bacaran, niskilli olsa belə, qəmdən bəxtiyar olan şairdir. Lakin bəzən özündən asılı olmadan könül sazında kədərli notlara da rast gəlmək olur. Dostu Təvəkkülə ithaf etdiyi “Deyirsən” şeirində şair tənhalığından irəli gələn tərkidünyalıq hisslərinin yaranmasındakı əsas amillərdə itirdiyi xoşbəxtliyin həsrət buzlarını əridə bilməməsində görür və duyğularını dostuna səmimiyyətlə izah edir.
Deyirsən həsrətdən yazırsan niyə?
Günəşsiz səmada süzürsən niyə?
Eşqin məzarını qazırsan niyə?
Vüsal yaddaşımda ölüb, Təvəkkül.
Arzu yollarında xəyallar itib,
Sinəmdə çırpınan ümidlər itib.
İntizar gözümün yaşında bitib,
Həsrət göz yaşımı silib, Təvəkkül.
Tənhalıq qonağım olub hər gecə,
Sevincim yarpaqtək solub hər gecə,
Hicran qədəhlərim dolub hər gecə,
İçmişəm, təsəllim bilib, Təvəkkül.
Mizrabsız bir udam Qorqud əlində,
Yağışsız buludam dağlar belində,
Soyumuş bir adam odlar elində
Hicran bağrım başın dəlib, Təvəkkül.
Ötən xatirələr qayıdır, neynim?
Ömrümün günləri, ayıdır, neynim?
Çiynində ayrılıq payıdır, neynim?
Xurcunun götürüb gəlib, Təvəkkül.
Həsrətinə təsəlli olaraq ayın da şahid olduğu gecələrdə, sahildəki ləpələrdən gizlicə üfüqlərdə iki dalğanın qovuşmasında da məhəbbətin qüdrətini görən şair elə bənzətmələrdən istifadə edir ki, oxucu şairin məharətinə heyran qalır.
Şimşək olub öz sinəmi dağladım,
İldırımtək hönkür-hönkür ağladım.
Buludları kirpiyimə bağladım,
Göz yaşlarım buludlarla yarışdı.
Acı həsrət ürəyimi puç etdi,
Döyüntüsün ilməsindən keçirtdi.
İki damcı kirpiyimdən köç etdi,
Yanağımda iki dünya alışdı.
Ziyafətin qəmi, kədəri təkcə hicran əzabında deyil, onun qəmi dünyada baş verən haqsızlıqlara, haqlı işimizə dünyanın ikili münasibətdə olmasıdır, onun könül dünyasına yad olan insanların vəfasızlığı, ölkənin dar günündə ona Vətən daşı olan şəhidlərimizin canlarını fəda etməsindən doğan kədərdir, qəmdir, sızıltılardır...
Qəmdən də bəxtiyar olmaq olarmı? Bu fikir şairin lirik qəzəlləri ilə əlaqədardır. Məcnun Leylinin eşqiylə çöllərə qaçdı. O, insanlardan da etibarlı bir mühitdə özünü tam xoşbəxt hiss edirdi. Ziyafətin qəzəllərinin ümumi leytmotivi də məhz yuxarıdakı fikirlə əlaqəlidir.
Ziyafət düşündürən şairdir. O, şeirə məsuliyyətlə yanaşır. Bəzi şairlər kimi qafiyə xatirinə yazmır. Şeirlərini yazarkən rədiflərdən məharətlə istifadə edir.
Göydə günəş adlı yanan almazı,
Yerə endirərəm, əgər istəsən.
Yığıb nəyim varsa olan-olmazı,
Sənə göndərərəm, əgər istəsən.
Bu şeir parçasında “əgər istəsən” sözləri rədifdir. Və yaxud “Qarabağ” şeirində:
Yetər daha zəlalət,
Göstərməsə şücaət.
Bütövlükdə bu millət
Cəhənnəmdə yanacaq,
Alınmasa Qarabağ.
Buna bənzər çoxlu nümunələr gətirmək olar. Ziyafət şeir ölçülərini çox gözəl bilir və həmişə də öz üzərində işləyir. Qəzəllərinin çoxunu elə öz taksi maşınında yazıb. Bu gün şair-qəzəlxan Ziyafət Yəhya öz fitri istedadının qanadlarında çağdaş ədəbiyyatımızın üfüqlərinə doğru mətin addımlarla irəliləyir. Bu gün olmasa da, sabah o üfüqlərə çatacaq. Özünün aforizmlərində dediyi kimi “Hər kəs özü bilir ki, o kimdir.” Oxucular da bilir ki, Ziyafət kimdir.
Ziyafət bir də deyir ki, insanın nə bu dünyada, nə də o dünyada mənzili yoxdur. Amma mən deyərdim ki, şair-qəzəlxan Ziyafətin bu dünya ilə axirət dünyası arasında yeri var. O yer əməl xurcunundadır.
Ey şirin dünyadan köç edən insan,
Bu fani dünyada nə saxladın, de?!
Tanrı qarşısında sorğu gününə,
Əməl xurcununa nə bağladın, de?!
Əziz dostum, sən əməl xurcununla Tanrı qarşısında sorğuya tam hazırsan. Sən poetik dünyagörüşünlə çoxlarının ifadə edə bilmədiyi fikirləri öz fəlsəfi baxışlarınla dilə gətirən, oxucunu düşündürən şairsən. Qoy poetik düşüncələrin həyat amallarınla həmişə reallığı əks etdirsin, Ziyafət.
Allah sənə yar olsun!
SƏYAVUŞ SÜLEYMANLI
Yazıçı-publisist, Prezident mükafatçısı