Aprelin 6-da gənclər və idman naziri Fərid Qayıbov bu il ölkəmizi beynəlxalq tədbirlərdə təmsil etmiş gənclərlə görüşüb. Qeyd edək ki, yanvar-mart ayları ərzində Azərbaycan gəncləri 12 ölkədə keçirilmiş 18 beynəlxalq tədbirdə ölkəmizi təmsil ediblər. Bu barədə SİA-ya AGİN-dən məlumat verilib.
Gəncləri salamlayan nazir onları öz sahələrində qazandıqları uğurlar münasibətilə təbrik edib və iştirak etdikləri tədbirlər barədə fikir mübadiləsi aparıb. Qeyd olunub ki, Türkiyə, Fransa, ABŞ, Gürcüstan, Sloveniya, BƏƏ, Rumıniya, İtaliya, Polşa, Çex Respublikası, Moldova və Norveçdə keçirilmiş tədbirlərdə gənclər ölkəmizi layiqincə təmsil ediblər.
Qeyd edək ki, beynəlxalq platformalarda təmsilçilik gənclərin fərdi inkişafına təsir etməklə yanaşı, həm də Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması baxımından vacibdir.
Görüşdə iştirak edən gənclərin fikirlərini və təkliflərini dinləyən nazir Fərid Qayıbov onların istər beynəlxalq aləmdə, istərsə də ölkə daxilində fəallığının vacibliyini qeyd edib.
Görüşdə nazir müavini İndira Hacıyeva və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev də iştirak ediblər.