Dərs ili bitməmiş buraxılan məktəblilər - MÜƏMMA

7 Aprel 2023 12:48 (UTC+04:00)

Martda buraxılış imtahanını verən şagird iyunadək məktəbə niyə getsin ki?

Dərs ilinin başa çatmasına hələ 3 aya yaxın vaxt var, tədris ili bitməmiş buraxılış imtahanlarının keçirilməsi həm valideynlərin, həm də müəllimlərin haqlı narazılığına səbəb olur. Etiraz edən müəllimlər dərs proqramı bitməmiş imtahanların keçirilməsi şagirdlərin imtahan nəticəsinə və dərsə davamiyyətinə təsir etdiyini deyir. Eyni fikirdə olan valideynlər buraxılış imtahanından sonra məktəbə getmək istəmədiyini bildirir.

“Bütün biliklər 1-ci yarımildə verilir” iddiası

Bu dərs ilində buraxılış imtahanlarının ikinci yarımilin ortasında keçirilməsi nəzərdə tutulduğu üçün Azərbaycan dili, riyaziyyat və xarici dil fənlərindən tədrisi həmin dövrə təsadüf edən mövzular proqrama salınmayıb. DİM-dən verilən açıqlamada belə deyilirdi. Bildirilirdi ki, həmin mövzular ali təhsil müəssisələrinə qəbul imtahanı proqramlarına daxil ediləcək.

DİM direktorlar şurasının sədri Məleykə Abbaszadə açıqlamasında bildirir ki, tədris proqramlarına görə xarici dil fənnindən 9-cu sinifdə, tədris dili və riyaziyyat fənləri üzrə isə 11-ci sinifdə dərs ilinin birinci yarımilində əsas bilik və bacarıqlar formalaşmış olur. Qeyd olunanlar nəzərə alınaraq, buraxılış imtahanları dərs ilinin ikinci yarısında istənilən vaxtda keçirilə bilər.

“Absurd qərardır”

Təhsil eksperti Ramin Nurəliyev isə bildirir ki, Dövlət İmtahan Mərkəzinin mart ayında 11-ci siniflərin, aprel ayında 9-cu siniflərin buraxılış imtahanı keçirməsi birmənalı olaraq absurddur: “Nəzərə alsaq ki, bu imtahanın adı buraxılış imtahanıdır və ümumtəhsil məktəblərində buraxılış sinifləri iyun ayının 15-nə kimi dərsdə iştirak etməlidirsə nə səbəbə bu imtahan 3 ay əvvəl keçirilməlidir. Bəs 3 ayın mövzuları necə olacaq? Martda keçirilən imtahandan sonra şagirdlərin məktəbdən soyuması halları baş verir”.

“DİM buraxılış imtahanı tarixlərini də imtahana bir ay qalmış elan edir. Bu da doğru deyil. İmtahan tarixləri, mövzuları, proqramı ən azı tədris ilinin əvvəlində elan edilməlidir, şagirdlər də öz planını buna müvafiq uyğunlaşdırmalıdır. Bu prosesdən təkcə abituriyentlər deyil, müəllimlər də narazıdır. Proqramın çatdırılmasında çətinlik çəkdiklərini ifadə edirlər. Buraxılış imtahanının ən tez may ayında keçirilməsi arzuolunan hesab edilir. İllərlə buna etiraz olunmasına rəğmən DİM hələ də bunu diqqətə almayıb. Buraxılış sinifində oxuyanlar imtahandan sonra dərslərə laqeyd yanaşır. Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə bütün dərsləri və tapşırıqları əhəmiyyətsiz hesab edirlər”.

Problem bir deyil, çoxdur

Ekspert buraxılış imtahanın 3 fərqli tarixdə verilməsinin doğru olmadığı qənaətindədir. Bildirir ki, hər bir tarixdə fərqli səviyyəli suallar ola bildiyi üçün nəticələr dəyişilə bilər: “Buraxılış imtahanında xarici dili başqa dildə verən abituriyentlərin 3 saata Azərbaycan dili və riyaziyyat fənninə ayırması da bir ayrı müəmmalı məsələdir. Buraxılış imtahanı suallarının çətin salınaraq balların aşağı salınmasına təsir göstərməsi də həmçinin. Doğrudur, ixtisasların keçid balları aşağı salınır, amma bununla da həmin ixtisasların dəyəri gözdən düşür. Universitetlərdə boş yerlərin qalması və həmin yerlərə abituryentlərin qəbul ola bilməməsi məsələsi də var. Apellyasiya müraciətlərinə düzgün baxılmır, bir çox apellyasiyaya müraciət edənlərə cavab verilmir. Qabiliyyət imtahanlarında qeyri-qanuni hallara müdaxilə edilmir. DİM bu məsələni mütləq nəzarətə götürməlidir”.

Ekspertin sözlərinə görə, universitetə qəbul olanların universitetlərə qeydiyyatından sonra boş qalan yerlərə ikinci qəbulun açılması məsələsi də gündəmə gətirilməlidir. İl boyu sınaq imtahanlarında iştirak edən abituriyentlər buraxılış imtahanında tamamilə fərqli suallarla qarşılaşıblar, buna görə də buraxılış sınaq imtahanının keçirilməsi şərtdir. Əvvəlki ilin məzunlarının qeydiyyat zamanı təhsil məlumatlarının tam olmaması üçün bürokratik süründürməçilik halları aradan qaldırılmalıdır. Subbakalavrlara qiyabi təhsil məsələsində dəstək verilməlidir. Buraxılış imtahanının mart ayında keçirilməsi isə, ümumiyyətlə, absurd qərardır.

“Dərs ili bitməmiş kimi haradan buraxırıq?”

“Martda buraxılış imtahanı olar? Bunu hansı ağılla fikirləşiblər? Haradan, kimi buraxırıq? Axı dərs ili bitməyib?! DİM publik hüquqi şəxsdi. Öz pulunu özü qazanır. Amma DİM-in fəaliyyəti hansı qanuna əsasən orta məktəbin fəaliyyətini axsadır? Dərs ili 14 iyunda bitdiyi halda nə əsasla buraxılış imtahanları tez keçirilir? İmtahanı vermiş şagirdi hansı üsulla təzədən məktəbə gətirmək olar? Və ya nəyə görə şagirdləri belə sıxışdırırıq? Qəbul imtahanları niyə dərs ili bitməmişdən keçirilməlidi? Çünki DİM-in əməkdaşları yayda xaricə istirahətə gedəcək?”

Bu iradı isə 71 nömrəli məktəbin direktoru Ülviyyə Mahmudova bildirir. Müsahibimiz DİM-in əməkdaşlarının repetitor fəaliyyətinə və vəsait çap etməsinə də toxundu: “Niyə qadağa qoyulmur? DİM imtahanı təşkil edən orqandır. Sualları tərtib edən orqan olmamalıdır. Suallar Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmalı, zərfdə təqdim edilməli, DİM imtahanı təşkil etməlidir. Dövlət qulluğuna qəbul və 5 ili tamam olmuş işçilərin yoxlanıması lap bərbaddır. Belə ki, hüquq, incəsənət, təhsil, qida sənayesi və s. ixtisasların hər hamısında qəbulda eyni suallardır. Bundan əlavə 80-200 manat arası ödəniş alır, hər sahəyə uyğun attestasiya sualları hazırlamır. Bütün mərhələlər qanun məntiq, dünyagörüş suallarından imtahan verir eyni suallardan və o qədər ödəniş almaqlarına baxmayaraq sual kitabçalarını müdavimlərə vermir. Çünki sualların səhvləri müzakirəyə çıxarılacaq. 5 il dövlət qulluqçusu işləyən şəxs yeni işə qəbul olunanlarla eyni imtahanı verməməlidir. İşinə uyğun attestasiya olunmalıdır. Mənə elə gəlir ki, DİM-in fəaliyyəti dövlət tərəfindən ciddi nəzarətə götürülməlidir”.

Müəllim Şahmar Hümbətovun sözlərinə görə bu amil istər şagirdlər tərəfindən, istərsə də valideynlər tərəfindən birmənalı qarşılanmır: “Sosial şəbəkələrdə də bu məsələ ilə bağlı çoxlu yazılara, fikirlərə rast gəlirik. Buraxılış imtahanlarının keçirilmə müddətinə razı olanlar da var, narazı olanlar isə daha çox. Təkcə bu il deyil, keçən il də bu məsələ ilə bağlı irad və təkliflərini bildirənlər oldu. Problem nədir bəs? Təbii ki, mövzularda və vaxt darlığında. Tutaq ki, imtahanıar bu il mart ayında oldu. Şagirdlər qeyd edir ki, suallar keçmədikləri mövzulardan salınıb. Yuxarıda qeyd etdiyim ki, sosial şəbəkələrdə də şagirdlərin bu kimi fikirlərinə rast gəlirik. Hətta bu il şagirdlərin televiziyada verdikləri müsahibələrdə də buna rast gəldik. Şagirdlərdən bəziləri şikayətlənirdi. Öz şagirdlərimdən də sorğu almışam. Onların bəziləri "suallar asan idi, keçdiyimiz mövzuları əhatə etmişdi" kimi fikirlər söylədilər. Deyək ki, imtahanlarda suallar elə hansı ayda keçirilir, o aya qədərki mövzuları əhatə edir. Lakin bu problemin aradan qaldırılması demək deyil axı. Yerdə qalan vaxt çatışmazlığı olur.

Görürsünüzmü, fikirlər də fərqlidir. Lakin narazı olanlar çoxdur. Təkcə mənim, ya digər müəllimin şagirdlərinin buraxılış imtahanında sualları rahat işləməsi ilə iş bitmir ki. Burada ümumi problem vaxtın düzgün təyin edilməməsindədir. Bundan əlavə, tədris ilinin ortasında buraxılış imtahanlarının təşkili də düz deyil axı. Şagirdlərin hazırlığı təkcə buraxılış üzrə 3 fənlə bitmir. Onların digər fənlərə hazırlığını (məktəb üzrə) da nəzərə almaq lazımdır. Ən yaxşı halda, şagirdlərin rahat imtahana daxil olmalarını təmin etmək lazımdır. Bu da dərs ilinin ortasında deyil, ən azından, tədris ilinin sonuna çox az qalmış, ya tədris ili bitəndən sonra mümkündür. Bu amil, fikrimcə, buraxılış imtahanlarında olan problemlərin aradan qaldırılmasına böyük təsir göstərəcəkdir”.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti çərçivəsində hazırlanıb