Separatçıların yeni qorxulu nağılları KÖŞƏDAR

7 Aprel 2023 11:05 (UTC+04:00)

Rusiya sülhməramlı kontingentinin (RSK) Qarabağda müvəqqəti yerləşdikləri ərazilərdə qalan və eyni zamanda, Kremlin himayəsi altında olan separatçı-cinayətkar quldur rejiminin tör-töküntüləri hər dəfə müxtəlif nağıllar düzüb-qoşmaqla hələ də elə sanırlar ki, onların bu ərazilərdə qalmaları üçün hər hansı şansları var. Daha dəqiq desək, qanunsuz silahlı hərbi birləşmələrin Qarabağdakı mövcudluğunu qoruyub-saxlamaq üçün əllərinə düşən hər fürsətdə təxribatlara əl atan quldur rejim bu dəfə də boş dayanmayıb. Daha dəqiq desək, rejim təmsilçisi Qurgen Nersisyan feyk məlumat yayaraq bildirib ki, guya Azərbaycan tərəfi Ermənistandan Qarabağa getmək istəyən ermənilər qarşısında “şərt” qoyub ki, onları yalnız bir şəkildə buraxa bilərlər – o da Azərbaycan vətəndaşlığını qəbul etdikləri halda (?!).

Əslində, erməni tərəfinin bu dərəcədə siyasi həyasızlığa və şər-böhtana əl atmalarından heç də təəccüb etməyə dəyməz. Bu, necə deyərlər onların köhnə xəstəlikləridir və bu xəstəlik sağalmazdır. Ancaq qoşduqları nağılları da istər-istəməz bəzi digər məqamları da üzə çıxarmağa vadar edir. Bakı dəfələrlə bəyan edib ki, əslən Qarabağdan olan ermənilər Azərbaycanın vətəndaşlarıdırlar və bu, faktdır. Lakin buradan aydınlaşdırmaq lazımdır ki, Nersisyan hansı səbəbə görə bu feyki önə sürüb?

Beləliklə, “şərt” məsələsi söz yox ki, absurd iddiadan başqa heç nə deyil. Məsələn, lap elə sanaq ki, Bakı belə bir təklifi irəli sürüb və hansısa ermənilər də bu təklifləri qəbul ediblər. Yəni İrəvandan Xankəndiyə gedən Hakop, Mkrtıç, yaxud Hovanes sərhəd-buraxılış məntəqəsində saxlanılır və onlardan tələb edilir ki, Azərbaycan vətəndaşlığını qəbul etsinlər. Onlar da buna razılaşırlar. Yaxşı, bəs belə olan vəziyyətdə onların sənədləri harada qəbul olunacaq? Pprosedurları kim və necə icra edəcək? Ən əsası – Hakop, Mkrtıç və Hovanes günü bu gün Xankəndiyə daxil olmaq istəyirlər, amma onlara vətəndaşlıq sənədi bir neçə həftəyə veriləcək. Yoxsa ki, onlardan Azərbaycan vətəndaşlığına daxil olacaqları ilə bağlı şifahi vəd alınacaq?

Digər tərəfdən, nə qədər gülünc iddia irəli sürdüyünü özü də yaxşı bilən Nersisyan buna baxmayaraq həmin iddiasının üzərində inadla dayanır. Onda belə çıxır ki, həmin iddianı irəli sürmək ona mütləq lazımdır. Bəs nəyə görə? Məsələ ondadır ki, separatçılar artıq ermənilərə məlumat veriblər ki, Qarabağdan Ermənistana getmək istəyənlər RSK-dan icazə almalıdırlar, o da ki, ən vacib olan halda. Belə ehtimal etmək olar ki, Nersisyan çıxış üçün vizalar tətbiq edib. Onun Azərbaycanın “ultimatum” irəli sürməsi iddiası isə dediklərini “təsdiq” etməyə yönəlmiş uğursuz cəhddir. Fakt budur ki, Qarabağ ermənilərinin Ermənistana getmələri artıq problemə çevrilib və bu problemi onlara separatçı-quldur rejim tətbiq edir. Və bütün bunlara rəğmən, Ermənistana getmək istəyənlərə də qorxulu nağıl icad ediblər. Yəni getsən, qayıdanda azərbaycanlılar sənə icazə verməyəcəklər və s, və i...

Məqsəd isə bəllidir – Xankəndinin boşalmasının qarşısının alınması. “Blokada” adlı tamaşa və separatçıların perspektivliyi isə gec, ya da tez sabun köpüyü kimi partlayıb-yox olacaq. Getmək istəyənlər gedəcək, qalmaq istəyənlər də qalacaq.

Ona görə də artıq hər şeyin bitəcəyinin sürətlə yaxınlaşdığını anlamağa başlayan separatçılar bilirlər ki, Xankəndidə az insan qaldıqca onların rejimlərinin də sonu çatır...

Yəqin ki, bu nağılların qoşulmasında RSK-nın də öz rolu var. Əgər bu cinayətkar qurum özü-özlüyündə məhv olmaqdadırsa, onda Kremlin də regiona təsir rıçaqları itirilir. Ancaq bu cəhdlər də boşdur, çünki zaman da, regionun əsl sahibləri də hər şeyi öz yoluna qoyur. Az qaldı, çox az...