Ümid qapısı olan xəstəxana

6 Aprel 2023 11:59 (UTC+04:00)

Mətləb Musayev: “Hər bir həkimin müqəddəs borcudur ki, millətimizin sağlamlığı keşiyində dayansın və hər bir xəstəni də öz doğması bilsin”

Sumqayıtdakı 1 Nömrəli Xəstəxana təkcə bu şəhərin yox, respublikanın ən aparıcı tibb müəssisələrindəndir desək, daha doğru olar. Yarandığı 55 il müddətində bu səhiyyə ocağı insanların sağlamlığı keşiyində həmişə lazımı səviyyədə durub və durur. Bu xəstəxanada çox yüksək ixtisaslı, mehriban kollektiv çalışır. Hamı bir-birinə köməklik edir ki, xəstələr tam sağalsın və evlərinə razı getsinlər. Bu qayğıkeşliyi yaradan, tibb ocağının rəhbəri, təkcə Sumqayıtda yox, respublikada urologiya sahəsində böyük işlər görən, bacarıqlı təşkilatçı Mətləb Musayevlə həmsöhbət olduq. Ondan bütün tibb işçiləri və xəstələr razılıq edirlər. Çünki o, öz işində çox ciddi və tələbkardır. İşçilər arasında fərq qoymur. Xəstələrin hər zaman qeydinə qalır. Bu insanla çoxminli oxucularımızı daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Mətləb Xasay oğlu Musayev 1964-cü il yanvar ayının 1-də Qərbi Azərbaycanda anadan olub. Ailələri 1965-ci ildə Sumqayıta köçüb. Ona görə də Mətləb həkim özünü sumqayıtlı hesab edir. Bu şəhər Mətləb həkimin gözləri qarşısında tikilib və inkişaf edib. O, 1971-ci ildə 21 nömrəli tam orta məktəbin birinci sinifinə daxil olub və 1981-ci ildə həmin məktəbi bitirib. Sonra ordu sıralarında olub. 1985-ci ildə umumittifaq komsomol tikintisi vaxtı kommunist partiyasına namizəd olduğuna görə Mətləb Musayev bir bölümün komandiri kimi Sibirin Kemerovo vilayətinə gedib. Bir il işləyəndən sonra Kemerovo şəhərində Dövlət Tibb İnstitutuna daxil olub. Çünki hələ uşaq yaşlarından arzusu həkim olmaq idi. O, 1993-cü ildə Kemerovo Tibb İnstitutunun ümumi cərrahiyyə şöbəsini yüksək qiymətlərlə bitirib və həmin şəhərdə 1998-ci ilə kimi həkim-uroloq ixtisası üzrə çalışıb. 1999-cu ildə Vətənə qayıdıb və Sumqayıt şəhərindəki 1 Nömrəli Xəstəxanasında işə düzəlib. 2020-ci ilin iyun ayına qədər burada uroloq işləyib. 2020-ci ilin mart ayından dünyanı lərzəyə salan pandemiya xalqımıza da böyük bir zərbə oldu. Həmin vaxt Mətləb həkim Sumqayıt şəhər Səhiyyə şöbəsinə dəvət olundu və ona bu xəstəxanaya rəhbərlik etmək tapşırıldı. Bu, çox çətin və cavabdehli sahə idi. İnsanların sağalması üçün silahsız çox böyük müharibə gedirdi. Bu müharibədə tibb işçilərindən böyük məsuliyyət, səbr, savad, iradə tələb olunurdu.

Bütün tibb işçiləri bilirdilər ki, bu korona virus onların həyatına da son qoya bilər. Amma buna baxamayaraq onlar öz həyatlarını riskə qoyub, insanların sağlamlığı keşiyində möhkəm dayandılar. Hətta respublikamızda yüzdən çox tibb işçisi də pandemiyanın qurbanı olub, haqq dünyalarına qovuşdular. Həmin vaxta qədər Mətləb həkim inzibati işlərdə işləməmişdi. Amma az bir vaxtda işinin öhdəsindən bacarıqla gəldi və kollektivi səfərbər edib, pandemiya ilə mübarizə apardı. Bu müddətdə o, özü iki dəfə korona virusa yoluxsa da ayaqda durmağı bacardı. Bu iradəsi başqa işçilərdə də böyük ruh yüksəkliyi yaratdı. Hər kəs öz işinə münasibətdə ondan nümunə götürdü. Həmin ilin sentyabrın 20-də 44 günlük Vətən müharibəsinin başlanması işləri bir az da çətinləşdirdi. Mətləb Musayev cəbhəyə getmək üçün müraciət etsə də, ona dedilər ki, “siz onsuz da pandemiya adlı müharibənin içərisindəsiniz və burada bizə daha çox lazımsız”. Onun bu qoçaqlığını, qorxmazlığını, işə çox ciddi olduğunu, yüksək təşkilatçılığını görüb, xəstəxananın baş həkimi təyin etdilər. Bu təyinat kollektivin də ürəyincə oldu. Axı o, ilk öncə gözəl ailə başçısıdır. Üç övladının hər biri ali təhsillidir və xalqımıza layiqincə xidmət edirlər. Böyük qızı Çinarə Qazqaz Universitetini qırmızı diplomla bitirib. ADA Universitetinin beynəlxalq əlaqələr şöbəsinin magistraturasını da qırmızı diplomla başa vurub. Hazırda bu universitetdə çalışır. İkinci qızı Günel Xəzər Universitəsini qırmızı diplomla bitirib. Hazırda Almaata şəhərində yaşayır və işləyir. Oğlu Nurlan Bakı Mühəndislik Universitetini bitirib, pandemiya dövründə xəstəxanada atası ilə birlikdə çalışıb. Mətləb həkim həmişə istəyib ki, övladları ondan bir pillə yuxarıda olsun. Belə bir deyim var: “Öz ailəsinə rəhbərlik eləyə bilməyən, heç vaxt yaxşı rəhbər ola bilməz”. Axı kollektiv də bir ailədir.

-Pandemiya ilə bağlı xəstəxanada həkimlər, tibb bacıları danışırlar ki, siz başda olmaqla, bütün tibb personalı əlinizdən gələni etmisiniz ki, itki az olsun və xəstələr sağalsın. Hətta siz özünüz iki dəfə bu xəstəliyə tutulubsunuz, amma geri çəkilməyibsiniz. Həmin dövrün dəhşətli hadisələrini necə xatırlayırsınız?
-Pandemiya dövrü təkcə həkimlər, xəstələr üçün deyil, millətimiz üçün çox ağır və dəhşətli keçdi. Biz tibbi personal gecə-gündüz xəstələrin arasında idik. Ağır xəstələrimiz çox idi. Elə itkilərimiz olurdu və çox heyifsilənirdik ki, biz onlara kömək edə bilmirik. Hətta bizim həmkarlarımızdan da bu xəstəliyə yoluxanlar və dünyasını dəyişənlər oldu. Mənim həkim dostum vardı, Şaiq Əliyev. Çox yaxşı cərrah idi. Pandemiyanın ilk günündən mənimlə çiyin-çiyinə çalışırdı. O, xəstəliyə tutuldu, biz çox çalışdıq, amma onu xilas eləyə bilmədik. Hətta onu Gömrük Hospitalına göndərdik ki, bəlkə oradakı həkimlər onu xilas eləyə bilərlər, amma alınmadı. Onu itirməyimiz hamımıza çox pis təsir elədi. Elə bil bir növ sarsıldıq, lakin tez də özümüzü ələ aldıq. Pandemiya dövrü indi də mənim gözlərim qarşısında canlananda, həyacanlanıram, vahiməyə düşürəm ki, biz o xəstəlikdən keçə bildik. Həmin dövrdə bizdə çox güclü təchizat vardı. Həm avadanlıq, həm də dərmanlar sarıdan. Hər şeyi bizə yetərincə çatdırırdılar. Pandemiya İtaliyada olanda televizorda görürdük ki, orada dərman çatmır, avadanlıq yetərincə deyil. Bunun ucbatından orada xəstələr çox tələf olurdular. Amma bizim respublikada ilk gündən təchizat çox güclü oldu. O vaxt bizə Moskvadan 14 həkim göndərilmişdi. Onlar bizə yardım etmək üçün gəlmişdilər. Çox savadlı həkimlər idilər. Biz iki ay onlarla birlikdə çalışdıq. Onlardan da çox şeylər öyrəndik. Bizim öz həkimlərimiz də çox fədakarlıq etdilər. Peanimasiya şöbəsinin müdiri Malik Səfərli, kardeologiya şöbəsinin müdiri Cabir Məcidov dörd-beş ay mənimlə yan-yana, çiyin-çiyinə oldular. Baxmayaraq ki, həmin vaxt kardeologiya şöbəsi başqa yerə köçürülmüşdü, amma Cabir həkim mənim yanımda idi. Xəstələrin sağalması üçün əlindən gələni edirdi. Həmin vaxt tibb bacılarımız çox fədakar idilər. Mən onları bir-birindən ayırmaq istəmirəm. Çünki hamı bir nəfər, bir ailə kimi işlədi. Pandemiya bir dəhşətli yuxu idi, gəldi-getdi. Artur Şopenhauer deyib ki, “Sağlam deyilsənsə, yediyin bal da zəhər dadacaq”. Bax, həmin vaxt böyük qorxu xofundan insanlarımızın yediyi bal həqiqətən də bir zəhər dadırdı.

-Deyirsiniz ki, pandemiya dövründə ölkə başçımız cənab İlham Əliyev başda olmaqla, hamı bu bəlanın qarşısını almaq üçün həkimlərə, tibb bacılarına bacardıqları kimi köməklik edirdilər. Hətta bacardıqlarından daha çox. Elədirmi?
-Bəli. Çox güclü təchizat vardı. Bu işə təkcə ölkə başçısı yox, həm də Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva da əlindən gələni edirdi. Ona görə biz onlara çox minnətdarıq. Bizə on günün içərisində blkə də iyirmi-otuz il müddətində xəstəxanaya verilməyən tibbi avadanlıqlar verildi. Bizim xəstəxananın indiki tibbi avadanlıqlarının çoxu həmin dövrdən qalmasına baxmayaraq, çox yüksək səviyyədədi. Biz də çalışırıq ki, həmin avadanlıqları qoruyaq və xəstələrimizin müalicəsində lazım olan kimi işlədək. Bu tibbi avadanlıqlar kardeoloji xəstələrə, tənəffüs aparatlarında və başqa sahələrdə də lazım olan kimi istifadə olunur.

-Siz bir həkim kimi urologiya sahəsində iyirmi ildən çox işləyibsiniz. Bilirsiniz ki, böyrək xəstəliyinə tutulan insanlarımız çoxdur. Necə eləmək olar ki, bu sahədə xəstlərimiz çox az olsun və ya heç olmasın?
-Urologiya böyrək-sidik yollarının müalicəsi ilə məşğul olan bir elmdir. Belə ki, sidik, böyrək daşları, prostat xəstəliyin iltihabı, xoş, bəd xassəsli şişlərin qarşısını alan bir elmdir. Uroloji xəstəliklərin müalicəsi Azərbaycanda çox yaxşı inkişaf eləyib. Bu sahədə savadlı, bilikli, bacarıqlı həkimlərimiz də çoxdur. Hətta elələri var ki, beynəlxalq səviyyədə tanınırlar. Rəhmətlik akademikimiz Mirməhəmməd Cavadzadə başda olmaqla onun dövründən yaradılan və inkişaf edən urologiya sahəsi həkimlərilə fəxr edə bilərik. Yəni bu, akademik Mirməhəmməd Cavadzadə tərəfindən əsası qoyulan çox güclü məktəbdir. Mən 2001, 2006 və 2009-cu illərdə Mirməhəmməd Cavadzadənin klinikasında kurslarda olanda çox şey öyrənmişəm. 2001-ci ildə onunla birlikdə əməliyyatlara girirdik. Yəni Mirməhəmməd Cavadzadə əməliyyat edirdi və biz də həmin əməliyyatda kursant kimi iştirak edirdik. Onunla ilk təmasım həmin vaxt olub. İşlədiyim dövrdə çalışmışam ki, Sumqayıtda urologiyanı inkişaf etdirim. Burada prostat vəznlərində olan bəd və xoş xassəli şişlərin endoskopik əməliyyatını da ilk dəfə mən eləmişəm. Böyrək daşlarında, sidik axarlarında daşların endoskopik yolla əzilməsini də Sumqayıtda ilk dəfə mən etmişəm. Çünki 2013-cü ildə Türkiyənin Ankara şəhərində üç ay bu xəstəliyin müalicəsi kursunda olmuşdum. Oradan qayıdandan sonra şəhərimizdə bu növ ilk əməliyyatı məhz mən elədim. Sidik axalarının daşlarının təmizlənməsi əməliyyatını da Sumqayıtda ilk dəfə mən eləmişəm. Yəni uroloq işlədiyim dövrdə əlimdən gələni eləmişəm ki, bu sahədə xəstələri sağaldım.
Uroloji xəstəliyə tutulmanın əsas səbələrindən də biri Azərbaycan iqliminə görə bizdə böyrək daşları xəstəliyi çoxdur. Bu, hava ilə bağlıdır. Ona görə hər bir insan çalışmalıdır ki, maye çox qəbul eləsin və böyrək daşları əmələ gəlməsin. Qalan uroloji xəstəliklər isə insanlarımızın özlərini qorumamasından yaranır. İnsan çalışmalıdır ki, ilk öncə özünün həkimi olsun. Tibbi maarifləndirmə ilə məşğul olsun. Bax, onda sağlam yaşaya bilər. Məşhur Corc Herbert deyib ki, “ Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq”.

- Son vaxtlar Azərbaycanın hər yerində icbari tibbi sığorta tətbiq olunur və əksər yerlərdə yüksək səviyyədə qəbul olunur. Bu, respublikamızda səhiyyə sahəsində inqilab sayılır. Sizin baş həkim kimi buna münasibətiniz necədir?
- Qeyd edim ki, 2021-ci ildə xidmətlərimə görə ölkə başçımız cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olundum. 2022-ci lin aprel ayından bu xəstəxanaya baş həkim təyin olunmuşam. TƏBİB mənim gördüyüm işləri yüksək qiymətləndirdiyinə görə məni baş həkim təyin eləyib. Əlbəttə, tibbi sığorta çox yaxşı qəbul edilir. TƏBİB də öz işini yaxşı bilir. Hazırda TƏBİB-lə bizim işlərimiz çox olur. Onlarla sıx şəkildə işləyirik. Mən bu qurumdan xeyli razıyam. Nə problemimiz olursa, dərhal həll edilir.

-Arzu eləyirsinizmi sizə fizioterapiya ilə bağlı yeni tibbi avadanlıqlar versinlər?
-Əlbəttə ki, çox yaxşı olardı. Bizim fizioterapiya aparatlarımızın təzələnməsini çox istərdim. İndiki aparatlar 2013-cü ildə verilib və artıq öz ömrünü başa vurub. İndi yeni tibbi aparatlar verilsə, çox yaxşı olar. Əməliyyat otaqlarımızın bir az da müasirləşməsini istərdim. İndi bizim özümüzdən də çox şey asılıdır. Yaxşı ki, Sumqayıt Tibb Mərkəzi yaradılıb. Bu təşkilat özü tenderlərdə iştirak edib, yeni avadanlıqlar alır. Biz də onlara siyahı veririk və onlar da bizə yeni avadanlıqlar alıb verir. Bu, çox yaxşıdır. Bütün bu işlərə Sumqayıt Səhiyyə Şöbəsinin müdiri, gözəl təşkilatçı, yüksək səviyyəli həkim Səkina xanım Sadıxova rəhbərlik eləyir. Bizə artıq laporoskopik avadanlıqların bəziləri verilib. Əgər bütün aparatlar verilsə, cərrrahiyə əməliyyatlarının sayı çox artar. İndi təkcə kardiologiya şöbəmizdə əlli xəstə var. Siz özünüz də orada müalicə olunubsunuz və görürsünüz ki, tibbi avadanlıqlar çox yenilənib. Cərrahiyyə, urologiya, terapiya şöbəsi də çox yüksək səviyyədə işləyir. Nevrologiya şöbəmizdə işin ağırlığı, çoxluğu budur ki, orada qazilərimiz daha çox müalicə olunur. Bizə müraciət eləyən hər bir qazini, şəhid ailəsini yüksək səviyyədə qəbul eləyib və qayğı ilə müalicə eləyirik. Bizim hamınızın borcu onların sağlamlığı keşiyində durmaqdır. Bütövlükdə millətimiz qazilərimizə, şəhid ailələrimizə borcludur.

-Siz qazilərimizdən, şəhid ailələrindən yüksək alicənablıqla danışdınız. 44 günlük Vətən müharibəsi haqqında bir həkim və ziyalı kimi nə deyə bilərsiniz?
-Belə bir söz deyəcəm. Mən 15 ildən çox Rusiyada yaşamışam. O zaman ermənilərlə çox kəskin söhbətlərimiz olurdu. Birinci Qarabağ müharibəsindən sonra uduzmuş xalq kimi bir az başımız aşağı idi. Amma 44 günlük Vətən müharibəsindən sonra biz başımızı dik tutub bütün millətlər arasında alnıaçıq gəzə bilirik. Ali Baş Komandanımızın səyləri, yüksək ağlı, təşkilatçılığı və ordumuzun daha peşəkar formalaşması sayəsində Qələbəmiz hamımız üçün qürurvericidir. Bu da ulu öndər Heydər Əliyevin miras qoyduğu siyasətin nəticəsidir. Ulu Öndər Cəmşid Naxçıvanski adına Hərbi Liseyi Azərbaycanda yaratmaqla milli ordumuzun əsasını qoydu. Sonra Azərbaycanda Ali Hərbi Məktəbi yaradıldı. Bir də ulu öndər Heydər Əliyev tərəfindən SSRİ-nin ayrı-ayrı respublikalarına təhsil almaq üçün azərbaycanlılar göndərilirdi və onlar orada yüksək səviyyədə təhsil alıb, yenidən respublikamıza qayıdıb, dəyərli mütəxəssislər oldular. Deməli, bütün uğurların özəyi dahi şəxsiyyət Heydər Əliyev tərəfindən vaxtında qoyulmuşdu və sonralar da öz bərhəsini verdi. Bax, buna görə müasir müstəqil Azərbaycanın qurucusu və memarı dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörən siyasəti indi özünün yüksək bəhrəsini verir. Biz də bir xalq olaraq, indi onun 100 illik yubileyini keçirmək üçün əlimizdən gələni edirik. Sizə maraqlı bir hadisə deyim. 1986-cı ilin 7 noyabr tarixində Novokuznetsk şəhərində mən parada gedəndə bizə Siyasi Büro üzvlərinin portretlərini verdilər . Mən ulu öndər Heydər Əliyevin portretini götürdüm. Həmin vaxt mən böyük şəstlə Heydər Əliyevin portreti ilə paraddan keçmişəm. Bundan da qürur duymuşam. İndi hər bir azərbaycanlı dahi rəhbərimizlə qürur duyur. Çünki o, xilaskar kimi məmləkətimizdə vətəndaş qırğınının qarşısını alıb və Azərbaycanı dağılmağa qoymayıb.

-Xəstəxananızda nə qədər insan işləyir və xalqımıza hansı arzularınız var?
-560 nəfər burada stosionarda və yüzə yaxın işçimiz poliklinikda işləyir. Bu tibb ocağı Sumqayıtda ən böyük, mərkəzi xəstəxanadır.Sanki bir şəhərcikdi. Xalqmıza isə arzum budur ki, xəstələnməsinlər və bura yalnız bir dost, yaxın adam kimi gəlsinlər. Əgər xəstələnsələr, biz onların sağalmasına var qüvvəmizlə köməklik edəcəyik. Xalqımızın Qarabağda görəcəyi işlər çoxdur. Kollektivimiz yeri gəlsə orada yaşayacaq insanlara əlindən gələn köməklikləri etmək üçün hər zaman hazırdır. Çünki müqəddəs borcumuzdur ki, millətimizin sağlamlığı keşiyində dayanaq və hər bir xəstəni öz doğmamız bilək. Bon Luis Polun belə maraqlı deyimi var: “Kim sağlamdırsa, o gəncdir”. Deməli, hər kəs öz sağlamlığını qorusa, həmişə gənc qala bilər.

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

P. S. Mən Mətləb həkimlə söhbətdən sonra xəstəxanadan xoş təəssüratlarla ayrıldım. Onu da vurğulayım ki, bu gün mənim sağ qalmağımda Mətləb Musayev başda olmaqla, kardioloji şöbənin müdiri, çox savadlı kareoloq Cabir Məcidovun, müalicə həkimim, yüksək peşəkar mütəxəssis Sevinc xanım Əliyevanın və başqalarının köməyi çox olub. Onlar məni 2022-ci ilin noyabr ayının 27-dən Mərkəzi Ürək Cərrahiyə Klinikasına cərrahiyyəyə gedənə qədər müalicə etdilər. Məndə özümə, sağalacağıma qarşı böyük inam, ümid yaratdılar . 2022-ci ilin dekabr ayının 17-də 1 Nömrəli Xəstəxanadan Təcili Tibbi Yardım maşınında ora getdim və dekabr ayının 20-də professor, dünya şöhrətli həkim Kamran Musayevin rəhbərliyilə cərrahiyyə olundum. Professor Kamran Musayev və bu klinkianın bütün həkimləri, tibb işçiləri də əllərindən gələni elədilər ki, mən tam sağalım. Bu gün artıq özümü yaxşı hiss edirəm. Bəli, bütün xəstəxanalar bir ümid qapısı olsa, insanlarımız sağlam olar. Əziz həkimlər, insanlara istədiklərindən çox xidmət edin və bunu sevinclə, istəklə, ürəkdən edin. Onda hər kəs sizə həqiqətən bir xilaskar, Ulu Tanrının yerdə elçiləri kimi baxacaqdır.