"Azərbaycanı nəyəsə məcbur etməkdən əl çəkilməlidir" - MİLLƏT VƏKİLİ DANIŞDI

6 Aprel 2023 15:46 (UTC+04:00)

“Azərbaycan öz üzərinə götürdüyü bütün öhdəliklərə sadiq ölkə imicini yaradıb. Bunun səbəbi ölkəmizin öz üzərinə götürdüyü öhdəliklərə riayət etməsidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Məmmədli bildirib.

Onun sözlərinə görə, bu öhdəlikləri həyata keçirərkən ikili standartlardan istifadə etməməsidir: "Biz bütün insani dəyərlərə, beynəlxalq-humanitar addımların hər birini müvafiq şəkildə həyata keçirdirik. Ona görə də Azərbaycanın atdığı bu addım əslində ölkəmizin bir dövlət kimi bütün dünyaya nümunə olmasıdır. Azərbaycanın növbəti humanist addımı Qarabağda müxtəlif separatist fikrilərlə və xülyalarla məşğul olan qüvvələrə bir mesajdır. Qarabağ Azərbaycanın tərkib hissəssidir. Bu bölgəni heç kim öz düşüncəsinə görə Azərbaycandan hər hansısa bir hissəsini ayıra bilməz. Azərbaycanı separatizmin qorxunc dalğasında istifadə edərək nəyəsə məcbur etməkdən əl çəkməlidirlər.

Azərbaycan insani dəyərlərə hörmət baxımından millət fərqi etmədən öz humanist addımını hər zaman atıb. Bütün bunlar bir daha azərbaycanlı həkimlərin Hipokrat adına nə dərəcədə sadiq olmalarının sübutudur".