Qərbi Azərbaycan sakinlərinin doğma yurdları barədə təəssüratları - SORĞU

6 Aprel 2023 14:49 (UTC+04:00)

İllərdir torpaq həsrəti ilə yaşamaq necə bir hisdir, bunu öz doğma torpağından didərgin düşən insanlardan daha yaxşı heç kim bilə bilməz. Qərbi Azərbaycan sakinləri həsrətlə öz dədə-baba yurdlarına dönəcəyi günü gözləyirlər. Tarixi qələbəmizdən sonra düşmənin təslim olması ilə Azərbaycanın diqtə edən tərəf olması və haqqını tələb etməsi Qərbi Azərbaycan sakinlərinin doğma yurdlarına qayıdacağı barədə ümidlərini artırıb. SİA mövzu ilə bağlı Qərbi Azərbaycan sakinləri arasında sorğu keçirərək onların təəssüratlarını öyrənib.

Qərbi Azərbaycan sakini Kərəm Rəhimov: "Mən Qərbi Azərbaycanın Basarkeçər rayonundanam. Son deportasiya zamanı ailəmlə birgə Bakıya gəlmişik. Düzdü, burada nə qədər bizi səmimi, doğma şəkildə qarşılasalar da, kəndimizin insanları tamam başqa idi. Orada hamı bir-biri ilə könüldən bağ qurmuşdu. Bu yaşıma gəlmişəm, amma hələ də öz dədə-baba yurdumdan ötrü darıxıram. Bu hissi ancaq vətən həsrəti çəkən adamlar bilər. Yurduma qayıdacağım günləri səbrsizliklə gözləyirəm".

Qərbi Azərbaycan sakini Göyçək Kərimova: "Biz Qərbi Azərbaycanda böyümüşük. Bütün xatirələrimiz oradadır. Çox istərdim ki, kəndimizə geri qayıdım. Azərbaycanın demək olar ki, hər yerini gəzmişəm. Amma heç bir yerdə kəndimizin bulaqlarını, çaylarını, yaşıllığını tapmamışam. Hər kəsə öz vətəni şirindir. Mənim də vətənim üçün burnumun ucu göynəyir. Ölmədən öncə uşaqlarımla, nəvələrimlə kəndimizi gəzmək arzusundayam. Bu vaxta kimi ancaq nağıl etmişəm, bundan sonra canlı şəkildə onlara uşaq vaxtı qaldığımız evi, kəndimizin gözəl yerlərini göstərmək istəyirəm. Məncə, bu hər bir Qərbi Azərbaycan sakininin haqqıdır".

Qərbi Azərbaycan sakini Atəş Hacıyev: "Ailəm Qərbi Azərbaycandan çıxanda mən hələ uşaq idim. Yəni, o yerlərin canlı şahidi olmamışam desəm yeridir. Amma inanırsınız, valideynlərim rayonumuzu, təbiətini, oradakı evlərini o qədər gözəl təsvir ediblər ki, elə bil illərlə orada yaşamışam. Kəndimizin suyundan, torpağından, dağından, gül-çiçəyindən ağız-dolusu danışırdılar. İnşallah qismət olar, uşaqlığımdan etibarən sadəcə haqqında eşitdiyim o yerləri öz gözlərimlə görərəm".

Qərbi Azərbaycan sakini Aidə Xudaverdiyeva: "Anam və atam deportasiya zamanı Masisdən Sabirabada köçüblər. Valideynlərim oranın necə gözəl yer olduğundan danışırdılar. Deyirdilər ki, nə vaxt qayıtmaq şansımız olsa, bir saniyə belə düşünmərik. Mən də öz torpaqlarımızı fotolardan deyil, canlı görmək arzusundayam. Ümidimizi itirmirik. 35 ildir, düşmən tapdağında olan torpaqlarımızı geri qaytarmaq üçün hər bir Azərbaycan vətəndaşı əlindən gələni etməlidir".

Qərbi Azərbaycan sakini Musa Bəşirov: "Ermənilərin həmişə bizə qarşı olan nifrətini, alçaldıcı hərəkətlərini görərdik. Ermənilər camaatı məcbur edirdilər ki, öz istəkləri ilə evlərini dağıtsınlar. Çünki orada yaşayan türklərin, türk toponimlərinin izini itirmək istəyirdilər. Amma bugünkü gündə də o torpaqların azərbaycanlılara məxsus olduğunu təsdiqləyən sənədlər, faktlar mövcuddur. Gün gələcək, o torpaqların həqiqi sahibləri geri dönəcəklər. Hörmətli Ali Baş Komandan İlham Əliyev və güclü ordumuz, iradəmiz sayəsində o günün yaxın bir zamanda olacağına inanıram".