Məktəbdə Ulu Öndərin barelyefinin açılışı olub

5 Aprel 2023 18:32 (UTC+04:00)

Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə Ümummilli Lider Heydər Əliyevin barelyefinin açılış mərasimi və Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş “Neçə yüz illər keçəcək...” adlı tədbir keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Öncə barelyefin açılış mərasimi keçirilib, qonaqlar Azərbaycan tarixinin Heydər Əliyev dövrünün gələcək nəsillərə aşılanması baxımından təhsil müəssisəsi tərəfindən belə addımların atılmasını yüksək dəyərləndiriblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Heydər Əliyev İli” çərçivəsində 171 nömrəli tam orta məktəbdə Ümummilli Liderin barelyefinin açılış mərasiminin keçirilməsini önəmli hadisə kimi qiymətləndirib. Şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək üçün belə təşəbbüslərin əhəmiyyətinin danılmaz olduğunu deyən İdarə müdiri təhsil müəssisələrində dahi şəxsiyyətin fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılması ilə Ulu Öndərin zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yarandığını diqqətə çatdırıb.

Milli Məclisin deputatı Sadiq Qurbanov Ulu Öndərin Vətənimizin müstəqilliyi, bütövlüyü uğrunda yorulmaz fəaliyyətinin bu gün gənc nəslə örnək olduğunu bildirib. Qeyd edib ki, bütün sahələrdəki nailiyyətlər, o cümlədən təhsil uğurları Heydər Əliyevin əsasını qoyduğu etibarlı təməllərə söykənir, daha parlaq gələcək üçün yeni hədəflər müəyyənləşdirir.

Tədbirdə məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Daha sonra məktəbin həyətində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.