“Səs” qəzeti redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "dəyirmi masa"lara start verilib
Üstün zəkaya, nadir siyasi qabiliyyətinə və mükəmməl dövlət idarəetməsinə görə ad qazanmış Ulu Öndər Heydər Əliyev nəinki postsovet məkanının, nəinki Türk dünyasının, eləcə də bütün dünyanın diqqət mərkəzində idi. Onun hadisələri dolğun proqnozlaşdırmaq qabiliyyəti və dərin düşüncəsi sayəsində Azərbaycan bu qədər güclənə və özünü təsdiqləyə bildi. Bu gün bütün azərbaycanlılar Azərbaycan dövlətinin varlığı üçün o böyük insana əbədi olaraq borcludurlar.
Ümummilli Lider Heydər Əliyevin mükəmməl analiz qabiliyyəti, dövlətçilik təcrübəsi, uzaqgörənliyi ona ölkəmizi idarə etdiyi dövrdə ən obyektiv və optimal qərarlar verməyə imkan yaratdı. Dövlətçilik bacarığı və respublika təsərrüfatını dərindən bilməsi qarşıya qoyulmuş məqsədlərə çatmasında ona kömək oldu.
"Səs" qəzetinin redaksiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "dəyirmi masa" təşkil olunub. "Dəyirmi masa"dakı müzakirələrə Milli Məclisin komitə sədri Tahir Rzayev, Milli Məclisin komitə sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Azər Badamov, Komitə sədrinin müavini Jalə Əliyeva, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Asif Əsgərov, Yeni Azərbaycan Partiyası Qaradağ Rayon təşkilatının sədri Qafar Əliyev, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının Gənclər Birliyinin fəalı Fərid Mustafayev iştirak ediblər.

Dəyirmi masa söhbətini giriş sözü ilə "Səs" qəzetinin siyasət şöbəsinin müdiri İlham Əliyev açdı. O qeyd etdi ki, "Səs" qəzeti cəmiyyətin maraq dairəsində olan ən aktual, əhəmiyyətli mövzular çərçivəsində hər zaman "dəyirmi masa"lar təşkil edib və bu masa ətrafındakı söhbətlər həmişə maraqla qarşılanıb. Budəfəki "dəyirmi masa" söhbətinin mövzusu isə adı Azərbaycanın müstəqillik tarixinə qızıl hərflərlə yazılan Ümummilli Lider Heydər Əliyev və onun Azərbaycanın taleyindəki əhəmiyyətli xidmətləridir: "Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib. Ümummilli Lider Heydər Əliyevin istər sovet hakimiyyəti illərində - 1969-cu ildən başlayaraq Azərbaycanın birinci katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən dönüş, inkişaf, eləcə də, ölkəmizin dünya məkanında özünəməxsus yer tutması onun məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyev 1993-cü ildə ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün ciddi və təxirəsalınmaz addımlar atdı. Bu gün qonaqlarımızla Ulu Öndərin xatirəsini yad etməklə yanaşı, onun Azərbaycanın müstəqilliyi uğrunda həyata keçirdiyi işlərdən danışacağıq”.
Milli Məclisin komitə sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Azər Badamovun sözlərinə görə, Ulu Öndər xalqımızın yaddaşında Azərbaycanın qurucusu kimi qalıb və bu, hər zaman belə olacaq. Dəyirmi masa ətrafında bugünkü Azərbaycan dövlətinin mövcudluğunun məhz Ümummilli Liderin adı ilə bağlı olduğundan danışan deputat bildirdi: “Heydər Əliyevin ən böyük xidmətlərindən biri də bizə özündən sonra Azərbaycanı layiqincə idarə edəcək bir siyasi varis bağışlamasıdır. O öz müraciətində də bu barədə demişdi, xalqı əmin etmişdi ki, İlham Əliyev xalqı öz ətrafında sıx birləşdirəcək siyasətçidir. Həqiqətən də elə oldu. Heydər Əliyev ölkəmizdə çox yüksək həmrəylik yaradıb, dövlətçiliyimizin təməlini daha da möhkəmləndirib. II Qarabağ Müharibəsi zamanı Prezidentimiz İlham Əliyevin hər bir sözü xalqın şüarına, həyat fəlsəfəsinə çevrildi. Xalq və ordunun birliyi bizim qələbəmizə səbəb oldu.
Ümumiyyətlə, Azərbaycanın çox çətin dövrlər yaşamış gənc ölkə olduğunu nəzərə alsaq, görərik ki, Ümummilli Lider hakimiyyətə gəlməsəydi, xalqımız bugünkü firavan həyatını yaşaya bilməzdi. Ulu Öndərin məhz dahiliyi, təcrübəsi, uzaqgörənliyi, xalqa, Vətənə olan məhəbbəti Azərbaycanı bugünkü inkişafa gətirib çıxarıb. Azərbaycanın əsl müstəqilliyi 1993-cü ildə başladı. Bu 30 ildə Azərbaycan dünya dövlətləri arasında öz boyunu göstərdi, yerini tutdu. Ulu Öndərin açdığı yolda onun siyasi varisi İlham Əliyev əminliklə addımladı, xalqı da daim irəli apardı. Xalqımız Ulu Öndərlə fəxr edir və yaddaşında yaşadır. Ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etməsi tariximizdə unudulmaz izlər buraxıb. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yalnız xalqına xidmət edib. Ümummilli Liderin dahiliyi, böyüklüyü, liderliyi tək ölkəmiz deyil, dünya tərəfindən də tanınıb, qəbul edilib. Ulu Öndər hara getməyindən asılı olmayaraq orada Azərbaycanı yüksək səviyyədə təmsil edib, bütün dünya ölkələri də dahi şəxsiyyətə hər zaman sayqı və hörmətlə yanaşıb”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev öz çıxışında Ümummilli Liderin misilsiz xidmətlərindən bəhs edib: "Ümummilli Lider Heydər Əliyev Azərbaycanı çətin vəziyyətdən inkişafa doğru apardı, qeyri-sabitlikdən sabitliyə dorğu apardı. Onun Azərbaycana rəhbərlik etdiyi illərə ekskursiya etsək görərik ki, qısa zaman kəsiyində onun bacarığı, uzaqgörənliyi sayəsində Azərbaycan inkişaf etdi. Azərbaycan o qədər sürətlə dəyişirdi ki, 80-ci illərdə Brejnev Bakıya gələndə demişdi ki, Azərbaycan iri addımlarla irəliləyir, inkişaf edir. O bu ifadəni heç bir sovet respublikası haqqında deməmişdi. Çünki Azərbaycan Heydər Əliyevin rəhbərlik etdiyi dövrlərdə çox inkişaf etmişdi. Ulu Öndərin fəaliyyəti ilə Azərbaycançılıq ideyalarının inkişafı, tərəqqisi Azərbaycanın bu günə gəlib çıxmasında, inkişafında, beynəlxalq aləmdə tanınmasında müstəsna rol oynayır. Heydər Əliyev hakimiyyətə gələndə kənd təsərrüfatını inkişaf etdirmək, sənaye potensialını artırmaq kimi bir çox mühim işlər gördü, sənayenin inkişafına rəvac verdi. Onun sayəsində Azərbaycan 14 ölkədən qabağa keçdi, taxıl, heyvandarlıq, pambıqçılıq sahələrində ciddi artımlar müşahidə olundu".
Millət vəkili bildirib ki, Heydər Əliyevin Azərbaycan üçün müstəsna xidmətlərindən biri də Cəmşid Naxçıvanski hərbi leseyinin açılması idi: “O bunun üçün çox mübarizə apardı. Çünki azərbaycanlı hərbçilərin yetişdirməyin vacibliyini bilirdi. O vaxtadək bizim gənclərimi ölkədən xaricdə təhsil alırdılar. Heydər Əliyev Naxçıvanski hərbi liseyini burada yaratmaqla bugünkü qələbələrimizə yol açdı. Çox çətin iş idi bu məktəbi açmaq. Baş katibdən razılıq almaq lazım idi. Çox o dövrdə buna böyük maneələr vardı. Bizim gənclərimiz Heydər Əliyev kimi böyük insanı öyrənmək üçün çox böyük gedişlər etməlidir, haqqında çox oxumalıdır”.
Milli Məclisin Ailə, Qadın, uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə xanım Əliyeva çıxış edərək bildirdi ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin dünyaya gəlişinin yüzüncü ildönümünü böyük bir məhəbbət və fəxarətlə qeyd edir: “Onu sadəcə doğum və ölüm günündə deyil, hər an, hər saat minnətdarlıqla anırıq. Və təbii ki, dünya durduqca, müstəqil Azərbaycanımız durduqca, qədirbilən xalqımız durduqca onu heç unutmayacaq, onun xatirəsinin işığına toplaşacaq, ona minnətdar olacağıq.
1969-cu ilin iyul ayında respublikanın rəhbəri seçilən Heydər Əliyev, cəmi bir-neçə aydan sonra o vaxtkı Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində nitq söylədi! Bəli, mən bu cümlənin sonuna nidanı təsadüfən qoymadım. Həmin dövrdə belə bir addım, həqiqətən, böyük bir cəsarət istəyirdi və ən başlıcası millilik, soy-kökə bağlılıq anlamına gəlirdi. Həmin tarixi günü Heydər Əliyev tam 25 ildən sonra, BDU-nun 75 illiyinə həsr edilən iclasda artıq müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi belə xatırlayırdı: “Universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, ana dilimdə, Azərbaycan dilində danışdım. Bu böyük sensasiya kimi qarşılandı. Nə cür olur ki, sovet respublikasının rəhbəri, Azərbaycan dilində çıxış edir və bu dildə heç də pis danışmır. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər.”
Sovetləşmə isə bütün SSRİ məkanında sürətlə davam edirdi. Və belə bir zamanda - 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyası hazırlanarkən, respublikanın rəhbəri Heydər Əliyev, şəxsən özü yaradıcı ittifaqlara xəbər göndərməli olmuşdu ki, Konstitusiyaya Azərbaycan SSR-də dövlət dilinin Azərbaycan dili olması barədə xüsusi maddə salınmasını tələb etsinlər. Nəticədə, Konstitusiyada, Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir - maddəsi təsdiq olundu. Mən bir daha çox əhəmiyyətli və həssas bir məqamı qabartmaq istəyirəm. Bu addım, bu cəsarətli addım müstəqil bir ölkədə deyil, milli hüquq və azadlıqların məhdudlaşdırıldığı, milli köklərin unutdurulmağa çalışıldığı, totalitar imperiyaya bağlı olan bir ölkədə, sovet respublikası olan Azərbaycanda atılırdı. İllər keçəcək, 1995-ci ilin oktyabr ayında Azərbaycan Milli Elmlər Akademiyasında dilimizlə bağlı olaraq keçirilən ümumrespublika müzakirəsində ulu öndər o gərgin mübarizəni və qələbəni belə xatırlayacaqdı: “Xatirimdədir, o vaxt başqa respublikaların rəhbərləri ilə kəskin danışıqlarımız oldu. Onlar bizə mane olursunuz. Ancaq biz buna nail olduq. Hesab edirəm ki, bu, o dövrdə, o zamanın şəraitində respublikamızda, ümumiyyətlə, ölkəmizin tarixində çox böyük hadisə oldu”.
Bu tarixi nitqin söyləndiyi binada - Milli Elmlər Akademiyasında Ulu Öndərin rəhbərliyi altında dilimizin adı ilə bağlı aparılan gərgin müzakirələr də həmin gün tarixilik qazandı. Dilimizin türk dili, azəri-türk dili, türkcə, azəri türkcəsi, Azərbaycan türk dili və b. kimi adlandırılmasını təklif edənlər və bu mülahizələrini xalqın etnosu, etnik mənşəyi, etnik mənsubiyyəti ilə əlaqələndirənlər var idi və bunu da deyim ki, özlüyündə onlar da haqlı idilər. Ulu öndər hər kəsi dinlədikdən sonra ayağa qalxdı və dedi: “Tarixi köklərimizə, tarixi keçmişimizə böyük hörmət və ehtiramımızı bildirərək, eyni zamanda, bu gün deməliyik ki, XX əsrdə bizim dilimiz öz inkişaf dövrünü keçib, formalaşıb və gəlib dövlət dili səviyyəsinə çatıb. İndi bunun adını dəyişdirib başqa ad qoymaq heç bir nöqteyi-nəzərdən, həm fəlsəfi, həm Azərbaycanın dövlətçiliyi nöqteyi-nəzərindən, ölkəmizin bu günü və gələcəyi nöqteyi-nəzərindən düz deyil". Həmin gün keçirilən müzakirələri diqqətlə izləyən Azərbaycan vətəndaşları öndərin çıxışını düzgün qiymətləndirməyi bacardılar və bir neçə gündən sonra keçirilən referendumda Azərbaycan Respublikasının ilk Konstitusiyasına və bu Konstitusiyada Azərbaycan dili üçün təsbit olunan taleyüklü məsələlərə “hə” dedilər".
Dəyirmi masa söhbətinin davamı sabahkı sayımızda...
Lalə Mehralı