“Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında aparılan islahatlar günü-gündən dərinləşir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov bildirib.

Onun sözlərinə görə, bu islahatlar məhkəmə sisteminə də sirayət olunmuşdur və məhkəmə sistemində müəyyən genişlənmələr aparılır: “O cümlədən Ali Məhkəmənin sədrinin də dəyişdirilməsi bu islahatların tərkib hissəsidir. Yeni təyin olunmuş Ali Məhkəmənin sədri İnam Kərimov bu sistemdə yeni yanaşmaların edilməsinə çalışacağına inanırıq. İnam Kərimov "ASAN" xidmət sistemindən gəlmiş innovasiyalar sahəsində təcrübəsi olan bir şəxsdir. Onun işlədiyi bütün sahələrdə bu yeniliklər hiss olunmuşdur”.
Millət vəkili yeni sədr təyin olunan İnam Kərimovun Kənd Təsərrüfatı naziri vəzifəsində işlədiyi dövrlərdə də bu sahədə elektronlaşmanın aparılması, şəfafflığın təmin edilməsi istiqamətində çox ciddi addımlar atdığını bildirib: “Hesab edirəm ki, İnam Kərimovun sədrliyi zamanı məhkəmə sistemində də elektronlaşmanın aparılmasına və şəfafflığın yaranmasına, ədalətin daha dolğun, düzgün şəkildə təmin olunmasında yeni bir səhifə aparılacaqdır. Həmçinin o, bu sistemdə yeni dövrün reallıqlarına uyğun bir şəkildə fəaliyyətini davam etdirəcəkdir”.