Türkiyədə tanınmış aktyor siyasətə atıldı

5 Aprel 2023 10:10 (UTC+04:00)

Türkiyənin məşhur aktyorlarından biri olan Cezmi Baskın aktiv siyasi fəaliyyətlə məşğul olmaq qərarına gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə Fəhlə Partiyasının (TİP) sıralarına qoşulub.

Bu barədə TİP-in İstanbul vilayət təşkilatının sözçüsü Melis Akyürek tviter səhifəsində məlumat verib.

"Ölkəmizin qiymətli sənətçilərindən teatr əməkçisi, aktyor və rejissor Cezmi Baskın aramıza qatılaraq mübarizəmizə güc verdi. Bərabər və ədalətli sabahları hamımız birlikdə quracağıq. Xoş gəldiniz!", - deyə o yazıb.

Qeyd olunub ki, C.Baskın siyasi fəaliyyətə yeni qoşulsa da, ictimai işlərdə, xüsusən teatr sahəsində çalışanların hüquqlarının müdafiəsində və bu istiqamətdə tədbirlərin təşkilində əvvəldən aktivliyi ilə seçilib.

Bildirək ki, aktyor Azərbaycanda daha çox "Akasya Durağı" serialındakı "Osman ağa" obrazı ilə tanınır.