Hər il olduğu kimi bu il də Azərbaycanda Formula 1 yarışları keçiriləcək. Aprel ayının son 3 günündə təşkil olunan Formula 1 Qran Prisi həm yerli vətəndaşlar, həm də ölkəmizə gələn turistlər üçün çox əyləncəli və möhtəşəm keçəcək. Şəhərin əsas mərkəz hisslərində yarışları daha yaxından izləmək üçün tribunalar təşkil olunub. Bəs gəlin görək ölkəmizə səfər edən turistlərin Formula 1 yarışları barədə düşüncələri nədən ibarətdir. Mövzu ilə əlaqədar olaraq SİA Azərbaycana gələn turistlər arasında sorğu keçirib.

Turist Richi Nada: “Mən Pakistandan Azərbaycana gəlmişəm. Bakı şəhərinə demək olar ki, vurulmuşam. Buranın təbiəti və insanları çox fərqlidir. Bir çox idman növləri ilə maraqlanıram. Bunlardan biri də Formula 1 yarışıdır. Bildiyim qədəri ilə bu il Formula 1 Azərbaycanda keçiriləcək. Bilet hələ ki, almamışam amma çox istərdim ki, yaxından izləyə bilim”.

Turist Genindira Lichi: “Formula 1 yarışları çox maraqlıdır. Ümumiyyətlə, maşın yarışlarına, oyunlarına çox həvəsim var. Ona görə də hər il Formula 1 yarışlarını səbirsizliklə gözləyirəm. Bu ildə Formula 1 yarışını yaxından izləmək üçün bilet əldə eləmişəm. Ailəvi olaraq gedib yarışı izləyəcəyik”.

Turist Bandi Bansal: “Bakı çox gözəl şəhərdir. Bu şəhər digər yerlərdən fərqlənir. Buradakı insanlar da çox mehribandır. Düşünürəm ki, Formula 1 yarışları da bu şəhərə çox yaraşır. Azərbaycan belə beynəlxalq bir tədbirlərin üstəsindən layiqincə gəlir. Çox istərdim ki, bizim ölkəmizdə də Formula 1 yarışları keçirilsin”.

Turist Muhammed Qayn: “Artıq 3-cü ildir ki, Bakıya səfər edirəm. Belə bir gözəl şəhərdə bu cür yarışın keçirilməsi heyrətləndiricidir. Çünki burada çox insan yaşayır. Hələ ki, bu yarışları izləmək mənə qismət olmayıb. Amma düşünürəm ki, Bakıda bu yarışı sevən çox adam var”.
Turist Şuriya İzza: “Mən Bakı şəhərini çox bəyənirəm. Burada turistlərin yaxşı şəkildə istirahət etməsi üçün bir çox imkanlar yaradılıb. Bu baxımdan tez-tez bura gəlirəm. Formula 1 yarışları barədə hər hansısa bir məlumatım yoxdur. Maşın yarışının olduğunu bilirəm. Ancaq heç vaxt marağında olmamışam”.
Turist Losim İshaq: “Formula 1 yarışları dünyanın bir çox tanınmış ölkələrində məşhurdur. Hələ ki, Bakıda Formula 1 yarışını izləməmişəm. Düşünürəm ki, Bakıda keçirilən hər bir yarış yüksək səviyyədə təşkil olunur. Buna görədə burada Formula 1 yarışlarının yaxşı keçəcəyindən əminəm”.