Xəbər verdiyimiz kimi İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizədliyi təsdiq edilib. Milli Məclisin bu gün keçirilən iclasında İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq qəbul edilib.
Bəs gəlin görək, İnam Kərimov kimdir?
Xatırladaq ki, İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub.
Ali Məhkəmənin yeni sədri 1984-1994-cü illərdə Bakı şəhərində S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil alıb.
O, 1994-1995-ci illərdə ABŞ-nin İndiana ştatında “Richmond High School” da təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub. 1998-2000-ci illərdə Fransanın Strasburq Universitetində hüquq üzrə bakalavr, 2000-2002-ci illərdə isə Sarbonna Universitetində hüquq üzrə magistr təhsili alıb. 2013-cü ildə isə Sarbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.
İnam Kərimov 2002-2004-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında məsləhətçi, 2004-2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb.
2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.
2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.
Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub.
İngilis, fransız, fars və rus dillərini bilir.
Evlidir, iki övladı var.
Xatırladaq ki, bir müddət əvvəl Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevin səlahiyyət müddəti başa çatıb. 70 yaşı tamam olmuş Ramiz Rzayev 18 il Ali Məhkəmənin sədri vəzifəsində çalışıb.