Ermənistan nə etmək istəyir? - MİLLƏT VƏKİLİ DANIŞDI

4 Aprel 2023 13:19 (UTC+04:00)

44 günlük müharibə dövründə Azərbaycan ordusu hansı gücə, iradəyə, əzmə malik olduğunu bütün dünyaya nümayiş etdirdi. Ayrıca olaraq da haqqında miflər uydurulan işğalçı Ermənistan ordusunu da müharibənin ilk günlərindən əhəmiyyətli dərəcədə zəiflətdi, müharibənin 3-4 günündə isə Azərbaycanın ordusu işğalçı Ermənistan ordusunu demək olar ki, 20 faizini məhv etdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, politoloq Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, bununla yanaşı Ermənistan ordusu sıralarında da çoxsaylı fərarilik baş verirdi: “Bunu Ermənistan cəmiyyəti və siyasi rəhbərliyi də gördülər. Təbii ki, bundan sonra bu istiqamətdə etiraflar olacaq.

2016-cı ilin aprel döyüşlərində Ermənistanın təxribatlarının qarşısını almaqla yanaşı biz həm də onlara sarsıdıcı zərbə vurduq. Bu aprel döyüşləri uzun müddət Ermənistanın müzakirə predimentinə çevrildi və araşdırıldı. Ermənistanda hələ bundan sonra 2020-ci il 44 günlük vətən müharibəsində şanlı Azərbaycan ordusunun işğalçı Ermənistan ordusunu necə ağır məğlubiyyətə uğratması müzakirə olunacaq.

Həqiqətən də 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu dünya hərb tarixində olduqca mühüm səhifə yazdı. Dünyanın inkişaf etmiş ölkələri belə Azərbaycanın aparmış olduğu müharibəyə baxaraq özlərinin ordusunun müdafiə sistemlərinin təkminləşməsinin vacibliyini vurğuladı. Bu da bir daha onu göstərir ki, həqiqətən də Azərbaycan ordusu XXI əsrdə müşahidə olunmuş ən effektiv müharibəni apardı. Bu baxımdan Akopyanın səsləndirdiyi fikirlər bir daha onu göstərir ki, Ermənistan özünün işğalçılıq mahiyyətinə uyğun bir ordudur. Bu gün həm Ermənistan ordusu sıralarında baş vermiş fərarilik halları, həmçinin Azərbaycan ordusu tərəfindən onların hərbi sistemlərinin məhv edilməsi uzun müddət müzakirə ediləcək”.