"Bazarın formalaşmasında istehlakçıların rolu 100 faizdir" - QURUM RƏSMİSİ AÇIQLADI

4 Aprel 2023 12:20 (UTC+04:00)

"Bazarın formalaşmasında biznes qurumunu mövcud edən istehlakçıların rolu böyükdür. İstənilən məhsula tələbatı istehlakçılar yaradır. Əgər istehlakçılar keyfiyyətsiz məhsula tələbat yaradarsa, istehsalçılar da şübhəsiz ki, bazara onu çıxaracaqlar. İstehlakçıların bazarın formalaşmasında payı demək olar ki, 100 faizdir". Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.

Onun sözlərinə görə, istehlakçının zövqü artdıqca, istehsalçı da məsuliyyət duymağa başlayır: "Bu gün istehsalçıların keyfiyyətli məhsul istehsal etməsi üçün ölkədə istənilən şərait var. Bura sertifikatlaşdırma, labaratoriya, onlara dəstək verən dövlət qurumları, AQTA və s. fəaliyyət göstərir. Hətta kənd təssərrüfatı sahəsində dövlət subsidiyalar verir. İstehsalçıların qida istehsalında aktiv olması üçün hər cür şərait mövcuddur. Gün keçdikcə Azərbaycanda xaricdən gələn bir qisim məhsullara da tələbat azalır. Lakin Azərbaycanda gələcəkdə su qıtlığının olması gözlənilir. Bu isə ola bilər ki, istehsalatda problem yaratsın. Bu baxımdan istehsalçılar da buna hazır olmalıdırlar.

Yaz-yay ayları üçün xarakterik olan tərəvəz qiymətlərində də keçən illə müqayisədə artım var. Yəqin ki, getdikcə qiymətlərdə daha da artım olacaq. Buna səbəb isə qonşu ölkələrdə baş verən proseslərdir. Ümumiyyətlə dünyada gedən ərzaq qıtlığı kimi məsələlər də prosesə öz təsirini göstərir".