"Şəkərli diabet insulin ifrazının, insulinin təsirinin və ya hər ikisinin pozulması nəticəsində meydana çıxan hiperqlikemiya ilə gedən xroniki metabolik xəstəlikdir. Şəkərli diabet bir neçə növə ayrılır. Bunlardan ən çox görülən şəkərli diabet tip 1(10-15%), tip 2 (80-85%) və hamiləlik diabetidir". Bu sözləri SİA-ya açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov bildirib.
Onun sözlərinə görə, diabetin müalicəsində 3 prinsip var:
1) pəhriz
2) fiziki aktivlik
3) şəkərsalıcı dərmanlar və insulin müalicəsi.
"Diabetin bütün tiplərində pəhriz qaydalarına riayət etmək lazımdır. Şəkərli diabet tip 1 xəstələri çörək vahidlərinə uyğun olaraq insulin dozasını vurmalıdırlar. Bu qaydaları onlar üçün təşkil olunmuş diabet məktəblərində öyrənə bilərlər.
Şəkərli diabet tip 2 və hamiləlik diabeti olan xəstələr isə pəhriz qaydalarına ciddi riayət etməlidirlər. Pəhriz qaydaları diabet masasına uyğun olmalıdır. Qidalanma aşağı qlikemik indeksli qidalardan ibarət olmaqla, zülal (60%)-karbohidrat (25%) -yağ (15%) olmalıdır.
Ramazan ayını nəzərə alaraq şəkərli diabet tip 1, hamiləlik diabeti və ağır forma tip 2 xəstələrə oruc tutmaq tövsiyə olunmur".