Formula 1 yarışları barədə ŞƏHƏR SAKİNLƏRİ NƏ DÜŞÜNÜR? - SORĞU

3 Aprel 2023 11:40 (UTC+04:00)

2016-cı ildən etibarən ölkəmizdə Formula 1 yarışları baş tutur. Bu il aprel ayının 28, 29, 30-u tarixlərində şəhər sakinləri “Formula 1” Qran Prisini izləyə biləcəklər. 3 martdan etibarən Formula 1 yarışları ilə əlaqədar olaraq şəhərdə blokların və tribunaların quraşdırılması prosesi həyata keçirilir. Yarışlar üçün nəzərdə tutulan biletlərin də 60 faizi satılıb. Bəs gəlin görək şəhər sakinlərinin Formula 1 yarışları barədə fikirləri nədən ibarətdir? Mövzu ilə əlaqədar olaraq SİA onlar arasında sorğu keçirib.

Şəhər sakini Şəbnəm Nəzərova: “Artıq uzun müddətdir ki, hər il ölkəmizdə Formula 1 yarışları təşkil olunur. Düşünürəm ki, bu cür yarışların ölkəmizdə keçirilməsi müsbət bir addımdır. Çünki belə yarışlar bizim ölkəmizi bütün dünyada tanıdır və məşhurlaşdırır. Bir azərbaycanlı kimi məndə bu yarışları izləmək istərdim”.

Şəhər sakini Zamiq Əliyev: “Formula 1 yarışlarının digər beynəlxalq yarışlar kimi mühüm əhəmiyyəti var. Düzdür hər il oyunlara yaxın bir ərəfədə nəqliyyatla bağlı problemlərimiz olur. Lakin bu da müvəqqəti bir haldır. Ümumilikdə isə ölkəmizdə bu cür yarışların təşkil olunması yaxşı bir haldır”.

Şəhər sakini Arzu Vəlili: “Məncə belə yarışlar çox maraqlıdır. Bir izləyici kimi yox könüllü şəkildə ralli yarışlarında iştirak etmişəm. Bu səbəbdən yarışı canlı-canlı izləmək imkanım olub. Hər kəsin ideal bildiyi bir idman növü təbii ki var. Fikrimcə, Formula 1 yarışlarını da izləmək istəyən insanların sayı az deyil”.

Şəhər sakini Hüseyn Quliyev: “Formula 1 dünyanın məşhur yarışlarından biri hesab olunur. Bu səbəbdən xarici ölkələrdə sırf bu yarışın azərkeşləri də az deyil. Azərbaycanda Formula 1 yarışlarını izləməyə can atan insanlar azdır. Lakin ümumilikdə bu beynəlxalq bir yarışdır və bu səbəbdən ölkəmizə çoxlu sayda turistlər gəlir.

Şəhər sakini Yavər Nurullayev: “Təbii ki, belə yarışların ölkəmizdə keçirilməsi bizə turist baxımından müsbət təsir göstərir. Şəhər sakinləri yarış günlərində yollarda müəyyən problemlərlə üzləşirlər. Bu baxımdan bir çox insan çətinlik çəkir. Amma mən belə hesab edirəm ki, belə yarışları izləmək zövqvericidir”.

Şəhər sakini Bəxtiyar Alıyev: “Formula 1 yarışları uzun müddətdir ki, dünya ölkələrində baş tutur. Uzun müddətdir ki, bizim də ölkəmizdə belə beynəlxalq yarışlar keçirilir. Formula 1 yarışları insanlar tərəfindən sevilən bir idman növüdür. Hazırda ölkəmizdə də bu yarışa izləyici kimi qatılmaq istəyənlər çoxdur. Belə yarışlar bizim ölkəmizi digər dünya ölkələri arasında tanıdır”.