Qəza nəticəsində 5 nəfər ölüb

1 Aprel 2023 22:29 (UTC+04:00)

Qazaxıstanın Almatı vilayətində iki “Audi”nin toqquşması nəticəsində qəza baş verib. Qəza nəticəsində 5 nəfər ölüb. Dörd nəfər xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, faciə Almatı-Kökpek-Köktal avtomobil yolunun 196-cı km-də baş verib.

Hüquq-mühafizə orqanları müəyyən ediblər ki, “Audi-100” markalı avtomobilin sürücüsü qarşıdan gələn zolağa çıxıb və orada “Audi-C4” markalı avtomobillə toqquşub.

Yerli polisdən verilən məlumata görə, “Audi-100” markalı avtomobilin sürücüsü, onun 3 sərnişini, həmçinin “Audi-С4” markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişiblər. Bədən xəsarətləri alan daha dörd sərnişin əraziyə yaxın xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin bütün təfərrüatları müəyyən edilir.

Ağasəf Babayev