General Mark Milli Ukrayna üçün elə də asan olmayacağını deyir

1 Aprel 2023 16:56 (UTC+04:00)

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli, “Defense One” (qeyd edim ki, bu nəşr daha çox xəbərlər, təhlillər və milli təhlükəsizliyin gələcəyi ilə bağlı ideyaları təhlil edir-A.B.) tərəfindən təşkil edilən virtual tədbir zamanı Ukrayna tərəfindən bütün ərazilərin, hətta uzunmüddətli perspektivdə belə geri qaytarılması “çox çətin hərbi vəzifə” olacağını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu, təbii ki, rus nəşrləri tirajlayıb.

Beləliklə, Millinin fikrincə, Ukrayna Silahlı Qüvvələri çətin ki, bu problemi qısa müddətdə həll edə bilsin.

“Mən demirəm ki, mümkün deyil. Bu, çox çətin məsələdir və hesab edirəm ki, bu il üçün onun qısa müddətdə həlli mümkün deyil. Bu, böyük hərbi vəzifədir. Çox çətin hərbi tapşırıqdır. Söhbət hələ də Ukraynanın işğal olunmuş hissəsində olan bir neçə yüz min rusdan gedir”.

Qeyd etdiyimiz kimi, Pentaqon səlahiyyətlisi bildirib bunu.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl Pentaqon sözçüsü Patrick Ryder ABŞ və Qərbdə təlim keçən ukraynalı döyüşçülərin sayını hesablamışdı.

Beləliklə, Ryderin sözlərinə görə, ABŞ-dakı hərbi bazalarda 7000-ə yaxın, ABŞ-a müttəfiq olan 26 ölkədə isə 11 mindən çox Ukrayna əsgəri hərbi təlim keçiblər.

Ağasəf Babayev