İran hicaba qarşı çıxanların cəzalandırılacağını açıqladı

1 Aprel 2023 15:46 (UTC+04:00)

İranın Ədliyyə Başçısı Qulam Hüseyn Muhsini Ejei məcburi hicab qaydasını pozanların ağır şəkildə cəzalandırılacağını bildirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, hicab qaydasını pozmağın “ölkəyə düşmənçiliklə bərabər” olduğunu müdafiə edən Ejei, “Bu günahkarların müəyyən edilərək saxlanılması barədə məhkəmə sistemi xüsusi bir şəkildə məşğul olacaq” deyib.

İran Daxili İşlər Nazirliyi də dünən məcburi hicab qanununa qarşı olan davranışları hədəf alan bəyanat yayıb.

Bəyanatda hicab “İran millətinin sivilizasiya əsaslarından biri” və “İslam Respublikasının əməli prinsiplərindən biri” kimi səciyyələndirilib.

Nazirlikdən bildirilib ki, qanunu pozan şəxslərlə bağlı ədliyyə və digər aidiyyəti qurumlar müvafiq tədbirlər görəcək.