Fəlakətlər artacaq

1 Aprel 2023 09:45 (UTC+04:00)

Yeni araşdırmaya görə, son 20 ildə həm quraqlıq, həm də daşqınlar artıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb isə qlobal temperaturun rekord səviyyəyə yüksəlməsidir. Araşdırmaya görə, iqlim böhranı sürətləndikcə bu cür fəlakətlər də artacaq.

Tədqiqatın aparıcı müəllifi Metyu Rodell NASA-nın 2002-ci ildən 2021-ci ilə qədər olan 20 illik peyk məlumatlarına baxaraq, Yer kürəsində su ilə bağlı ekstremal hadisələrin ölçüsünü, müddətini və şiddətini təhlil edib. Bu çərçivədə 505 ekstremal yağış hadisəsi və 551 ekstremal quraqlıq hadisəsi araşdırılıb ki, bunların təxminən 70 faizi altı ay və ya daha az, təxminən 10 faizi isə bir ildən çox davam edib. Rodell, araşdırmanın insanlara qlobal temperaturun hər kiçik artımının vacib olduğunu və dünyanı istiləşdirən çirklənmənin artmasının qarşısını almaq lazım olduğunu başa düşməyə kömək edəcəyinə ümid etdiyini söyləyib.