Dövlətçilik tariximizin, ənənələrimizin, elm və mədəniyyətimizin təbliği aktual məsələdir - TƏHLİL

31 Mart 2023 18:07 (UTC+04:00)

Azərbaycan xalqının dövlətçilik tarixi çox qədim zamanlardan başlayır və dünyanın ən qədim dövlətçilik ənənələrinə sahib olan xalqımızın bu ənənəsinin təbliği proiritet məsələ hesab olunur. Mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olan dövlətçilik tariximizin beş min ildən də çox tarixi var ki, bu, bizi, xalqımızı tanıtmaq üçün, yüksək mənəvi dəyərlər sisteminə malik olmağımızı təbliğ etmək üçün yetərlidir.

Milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin, xalqın mənəvi, mədəni siması deməkdir. Öz adət-ənənələri, yüksək mənəvi dəyərləri ilə xalqımız dünya xalqları içərisində hər zaman sayılıb-seçilib və bu baxımdan da diqqət mərkəzindədir. Azərbaycan xalqının bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb, çünki özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib və yenə də töhvələr verməkdədir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu isbatlayan özünəməxsus adət və ənənələri onun keçmişi ilə bu günü, eləcə də gələcəyi arasında sarsılmaz bir mənəvi bağlılığı əks etdirir. "Milli adət və ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir", deyən Ulu Öndər Heydər Əliyev adət və ənənələrin hər bir millətin həyatında oynadığı əvəzsiz rolu hər zaman yüksək qiymətləndirib.

Güclü dövlətçilik quruculuğu ilə adət-ənənələr, eləcə də həmin adət-ənənələrin formalaşdırdığı milli dəyərlər sistemi arasında qırılmaz bağlılıq, vəhdət danılmazdır. Çünki əxlaqi, milli vətənəpərvərlik baxımından cəmiyyəti düzgün istiqamətə yönəldən ilk növbədə, adət və ənənələrdir və hər bir dövlətin gücü də məhz həmin dəyərlərin cəmiyyəti saf təməllər üzərində tərbiyə etməsindən birbaşa asılıdır. Öz lideri ətrafında möhkəm birləşən güclü və qüdrətli dövlətin meydana çıxmasında önəmli rol oynayan məhz adət-ənənələrdir, hansı ki, insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi funksiyasını yerinə yetirir.

Gənc nəslin saf əxlaqi ruhda tərbiyələndirilməsinin dövlətimiz qarşısında ən zəruri vəzifələrdən biri olduğunu dönə-dönə vurğulayan Ümummilli Lider Heydər Əliyev mənsub olduğu xalqın, Azərbaycan xalqının tarixi keçmişinə, mədəni irsinə və mənəvi dəyərlər sisteminə hər zaman qayğı ilə yanaşıb. Çünki görkəmli dövlət xadimi çox yaxşı bilirdi ki, adət-ənənələr yetişməkdə olan gənc nəsildə güclü təsirə malik iz buraxaraq, gənclərin vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Heç şübhəsiz ki, həmin o adət-ənənələr mənəvi baxımdan nə qədər zəngin olarsa, həmin gənclər də o qədər cəmiyyət üçün xeyirli şəxs kimi yetişər, dövlətin daha da güclü olmasına öz töhfəsini verər və biz bunun artıq əyani şahidləriyik.

Sevindirici haldır ki, vətənimiz Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində ölkədə vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, hətta sıravi vətəndaşlar belə əllərindən gələni edirlər. Çünki vətənimizin dövlətçilik tarixinin, adət-ənənələrinin, onun reallıqlarının, mənsub olduğu dəyərlərin dünyada tanıdılmasının vacibliyi başa düşülür, qəbul olunur. Elə bu səbəbdən də müstəqilliyimizi əldə etdiyimiz 30 idən bir qədər artıq müddət, dövr ərzində ölkəmiz, onun tarixi, adət-ənənələri, milli-mənivi dəyərlərinin dünyada tanıdılmasına nail olunub. Hətta Azərbaycanın reallıqları da artıq bütün dünyaya bəllidir. Azərbaycanın qalib ölkə, regionda lider kimi tanınması və qəbul edilməsi, eləcə də dəyərlərimizə, mənsub olduqlarımıza hörmətlə yanaşılması heç də təsadüfi deyil, məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sayəsindədir.

Sözsüz ki, qeyd olunan məqamlar orta və ali məktəblərdə, ümumiyyətlə, bütün təhsil ocaqlarında da nəzərə alınmalıdır və məhz dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətimiz gənc nəslə tədris edilməli, öyrədilməli, onlar məlumatlandırılmalı, bilikləndirilməlidirlər. Bu bilik, məlumatlılıq da öz növbəsində bizə məxsus olan dəyərlərin, qədim tarixə malik olan dövlətçilik ənənələrimizin, elm və mədəniyyətimizin, adət-ənənələrimizin təbliğinə əsaslı zəmin yaradır. Eyni zamanda vətəndaşlar özləri, öz ailələrində belə, öz övladları ilə dövlətçilik tariximiz, adət-ənənələrimiz, elm və mədəniyyətimiz barədə söhbərlər aparmalı, bu ali dəyərləri təbliğ etməlidirlər. Belə bir cəmiyyət də, bu cəmiyyətin təmsil olunduğu dövlət də sarsılmaz olur. Bu baxımdan da dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinin hər zaman aktual olduğu təkzib edilə bilməz.

Azərbaycan cəmi 44 gün ərzində öz gücü, öz qüdrəti hesabına işğal altında 30 ilə yaxın müddətdə saxlanılan torpaqları işğaldan azad etdi, mükəmməl qələbəyə, Zəfərə imza atdı. Çoxlu sayda könüllü bu yolda vətəndaşlıq borcunu hiss etdiyini təsdiq etdi. İstər şəhidlərimiz, istərsə də qazilərimiz təsdiq etdilər ki, bizə məxsus olan ali dəyərlərə cəmiyyətimiz nə qədər böyük önəm verir. Başda elə Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti, müdrikliyi, eləcə də xalqımızın həmrəyliyi, birliyi və ordumuzun, Azərbaycan Ordusunun şücaəti, rəşadəti ilə işğal altında olan torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa olunması hər qarış torpağımıza, bizə məxsus olanlara, milli maraqlarımıza verilən önəmin, dəyərin təzahürü, isbatı sayılır. Azərbaycan cəmiyyəti öz ali dəyərlərinə, torpaqlarına, dövlətçilik ənənələrinə, ümumiyyətlə, maddi və mənəvi irsinə hörmətlə yanaşdığı üçün 30 il müddətində işğal faktı ilə barışmadı və nəticədə onlara sahib çıxdı. Şuşa kimi, ölkəmizin mədəniyyət paytaxtının, milli adət-ənənələrimizi özündə əks etdirən mədəniyyət ocağının düşmən tapdağından xilas edilməsi xalqımızın öz milli və mənəvi dəyərlərinə verdiyi önəmin təcəssümü kimi qiymətləndirilir. Bütün bunlar isə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sayəsində oldu və görünən odur ki, dövlətimiz bu istiqamətdə doğru, düzgün iş aparıb və dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinə xüsusi diqqət ayırıb, qayğı ilə yanaşıb.

Bilirik ki, tarix boyu ermənilər bizə məxsus olanlara sahib çıxmağa çalışıblar və istər torpaqlarımız olsun, istər milli adət-ənənələrimiz olsun, istərsə də elm və mədəniyyətimizi öz adlarına çıxmaq, mənimsəmək üçün hər zaman dəridən-qabıqdan çıxıblar. Bizə məxsus olan ərazilərdə ermənilər tərəfindən tarixi abidələrin saxtalaşdırılması, mədəniyyət abidələrimizin məhv edilməsi, yaşı çox olan qəbirlərin belə dağıdılması məhz həmin məqsəd daşıyıb. Haylar hər zaman Azərbaycan xalqının çox qədim olan dövlətçilik tarixini, onun nəsildən-nəsilə ötürülərək bu dövrə qədər gəlib çatan ənənələrini, milli dəyərlərini yox etməyə çalşıblar ki, bunları ya özününküləşdirsinlər, ya da özlərinə məxsus miflər yaratsınlar. Onsuz da bu gün Ermənistan dövləti adlandırılan ərazilər Azərbaycan xalqına məxsus tarixi torpaqlardır və hayların həmin ərazilərlə kifayətlənmək istəmədikləri, yenə də bizə məxsus olan ərazilərə ələ keçirmək niyyətləri göz önündədir. Bir sözlə, hələ də bizə məxsus olanın mənimsənilməsi istiqamətində haylar əldən-ayaqdan gedir, bütün hiylələrə əl atır, məkrli planlar qurmaqdadırlar. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği hər zaman aktual məsələ hesab olunur. Çünki biz öz tariximizi, bizə məxsus olan milli adət-ənənələrimizi, elm və mədəniyyətimiz həm dərindən öyrənməli, bilməli və təbliğ etməliyik ki, məkrli niyyət güdən düşmənlərin, bizə məxsus olanlara sahib çıxmaq istəyənlərin öz məqsədlərinə çatmalarına imkan verməyək, bizə məxsus olanları qoruyaq. Bunun üçün də dövlətçilik tariximizə də, milli adət-ənənələrimizə də, elm və mədəniyyətimizə də hər zaman sahib çıxmalı, onları davamlı olaraq təbliğ etməliyik.

Müəllif: İnam Hacıyev

6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır