“Hazırda Formula 1 üçün nəzərdə tutulan biletlərin 60 faizi satılıb”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Şəhər Halqasının mətbuatla əlaqələr şöbəsinin rəhbəri Turab Teymurov bildirib.
Qurum rəsmisi qeyd edib ki, Flarmoniya bağının yanında və Sahil ərazisində yerləşən tribunalara biletlər tamamilə satılıb yalnız Abşeron tribunasında isə B sektorununun biletləri satılıb: "Bu il satılan biletlərin faizi rekord göstərici hesab olunur. Ən çox biletlər Niderlanda, Azərbaycanda və Böyük Britaniyada satılıb.
Həmçinin qeyd edim ki, Formula 1 yarışları zamanı izləyiciləri bir sıra əyləncəli məqamlar gözləyir. Belə ki, 28-30 aprel tarixlərində Bakıda keçiriləcək növbəti Formula 1 yarışında elektronik rəqs musiqisinin qabaqcıllarından hesab olunan niderlandlı DJ, musiqi prodüseri və qlobal fenomen Hardwell çıxış edəcək. Hardwell "Spaceman", "Apollo" və "Thinking About You" daxil olmaqla bir sıra qlobal hitləri ilə dünyanın ən çox tələb olunan DJ-lərindən biridir. Musiqi fəaliyyətində “Armin van Buuren”, “Steve Aoki”, “Dimitri Vegas & Like Mike”, “Tiësto” və “Afrojack” kimi elektronik musiqinin aparıcı ulduzları ilə möhtəşəm ifalar nümayiş etdirib.
Digər qonağımız isə dünyaca məşhur musiqiçi, prodüser, elektronik rəqs musiqisi bəstəkarı və DJ - Don Diablo 28 aprel, cümə günü Dənizkənarı Bulvar ərazisində yerləşən səhnədə Formula 1 həftəsonunun açılışını edərək öz yüksək templi canlı şousunu sərgiləyəcək. Bununla da, Bakı yarışı əyləncəsevərləri daha bir gözlənilməz konsert proqramı ilə sevindirəcək. Həmyerlisi DJ Hardwell ilə yanaşı Don Diablonun da çıxış edəcək ulduzların siyahısına əlavə edilməsi F1 azarkeşlərinə Bakıda daha bir unudulmaz həftəsonu yaşadacaq”.
T. Teymurov həmçinin 3 martdan etibarən Formula 1 yarışları ilə əlaqədar olaraq şəhərdə blokların və tribunaların quraşdırılması prosesinin həyata keçirildiyini vurğulayıb.