Maşınlar üçün ikinci əl yanacaq satılır

31 Mart 2023 03:37 (UTC+04:00)

Fransada hökumətin parlamentdə səsverməyə çıxarmadan birbaşa qəbul etdiyi pensiya islahatına qarşı neft emalı zavodu işçilərinin tətili davam edir. SİA xarici KİV-ə istinadən xəbər verir ki, tətil nəticəsində Parisdəki yanacaqdoldurma stansiyalarının təxminən 30, ölkə üzrə isə təxminən 15 faizində yanacaq qıtlığı yaşanır.

Məlumata görə, ölkənin bəzi elan saytlarında ikinci əl yanacaq satışı üzrə elanlar yerləşdirilir. Fransa mətbuatı sözügedən saytlardakı yanacağın yoxlanılmadığını və onların tərkibinin dəyişdirilə biləcəyi ilə bağlı xəbərdarlıq edərək vətəndaşlara bu məhsulları almamağı tövsiyə edib. Ölkədə tətillər səbəbindən yaxın günlərdə yanacaq qıtlığının daha da artacağı gözlənilir.

Qeyd edək ki, Fransada martın 16-da başlayan nümayişlərə səbəb, hökumətin pensiya yaşının 2 il artırılaraq 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsini səsvermə olmadan qəbul etməsidir.