Laçın dünyanın ən gözəl şəhərlərindən biri olacaq – DEPUTAT ŞƏRH ETDİ

30 Mart 2023 21:22 (UTC+04:00)

"Azərbaycan dövləti postmüharibə dövründə çox böyük uğurlara imza atıb. İşğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirilir. Azad edilmiş ərazilərə Prezidentin xüsusi nümayəndələrinin təyin edilməsi və qarşılarına yeni və ciddi vəzifələrin qoyulması böyük əhəmiyyət daşıyır. Həmin ərazilərdə yeni idarəçilik sisteminin yaradılması bərpa və yenidənqurma işlərinin daha çevik şəkildə aparılmasına təkan verir. Bu, həm də Böyük Qayıdış konsepsiyasının tez bir zamanda reallaşmasına öz təsirini göstərir”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat qeyd edib ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yeni idarəetmə üsulu həyata keçirir: “28 mart tarixində Prezident İlham Əliyevin Laçın rayonuna xüsusi nümayəndəni təyin etməsi və rayonda həyata keçirilən bərpa-quruculuq layihələri haqqında tapşırıqlar verməsi bir daha sübut edir ki, dövlətimizin başçısı işğaldan azad edilmiş ərazilərimizin tezliklə və yüksək səviyyədə qurulmasını, 30 ildən artıqdır ki, yurd-yuvasından ayrı düşmüş soydaşlarımızın öz elinə-obasına, isti ocağına dönməsini istəyir və buna çalışır. Burada həm də əsas məqsəd Laçın rayonu da daxil olmaqla azadlığına qovuşmuş ərazilərimizin, rayonlarımızın tamamilə müasir şəkildə yenidən qurulması, nəhəng infrastruktur layihələrinin davamlı şəkildə həyata keçirilməsidir. Dövlət başçısı təyin etdiyi məmurları qəbul edərkən də qarşıya konkret vəzifələr və hədəflər qoyur ki, bu amillər də idarəçilikdə çevikliyə, forma və məzmunca yeniliyə gətirib çıxarır. Ölkə rəhbərinin də məsələyə yanaşması çox maraqlıdır: "Laçın, nəinki Azərbaycanın dünya miqyasında ən gözəl şəhərlərindən birinə çevriləcək. Laçın şəhərinin bütün infrastrukturu yenidən qurulur – su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulur. Daxili yolların uzunluğu təqribən 50 kilometrdən çoxdur. Laçın şəhərinin memarlıq üslubu da göz oxşayır. Laçının çox füsunkar təbiəti - meşələri, dağları, çayları var. Bu, bir cənnət məkan olacaqdır".