ABŞ amerikalı jurnalistin həbsini pisləyib və...

30 Mart 2023 21:01 (UTC+04:00)

Bu arada Ağ Ev və ABŞ Dövlət Departamenti amerikalı jurnalist Evan Qerşkoviçin Rusiyada həbsini kəskin şəkildə pisləyib.

“Rusiya hakimiyyəti tərəfindən Amerika vətəndaşlarının təqib edilməsi qəbuledilməzdir”.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Ağ Evin bəyanatında belə deyilir.

Ağ Ev və ABŞ Dövlət Departamenti, həmçinin Rusiyada jurnalistlərin və azad mətbuatın təqibini pisləyir.

Qeyd edək ki, dövlət katibi Entoni Blinken Rusiyadakı Amerika vətəndaşlarını yenidən ölkəni tərk etməyə çağırıb. Ağ Evin bəyanatında deyilir ki, amerikalılar administrasiyanın Rusiyadan uzaq durmaq çağırışlarına qulaq asmalıdırlar.

Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Dövlət Departamenti dəfələrlə oxşar müraciətlər edib.

Bir daha xatırladaq ki, Jurnalist kimi Rusiyada rəsmi akkreditasiyası olan Qerşkoviç bir gün əvvəl Yekaterinburqda saxlanılıb. Cümə axşamı Moskva məhkəməsi onu istintaq təcridxanasına göndərib. Belə ki, o, casusluqda şübhəli bilinir.

Ağ Evin bəyanatında deyilir ki, ABŞ administrasiyasının rəsmiləri konsulun Amerika vətəndaşı ilə görüşməsi ilə bağlı “The Wall Street Journal” və Qerşkoviçin qohumları, eləcə də Rusiya hakimiyyəti ilə əlaqə saxlayır.

Bildirək ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova konsulun Qerşkoviçə səfərlə bağlı müraciət aldığını təsdiqləyib.

...Rusiya istintaqı iddia edir ki, jurnalist ABŞ-ın sifarişi ilə hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında məxfi məlumatlar toplayırmış.

Ağasəf Babayev