Allahşükür Paşazadə Ramzan Kadırovun oğlu Əhməd Kadırovla görüşüb

30 Mart 2023 19:45 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə martın 30-da ölkəmizə səfərdə olan Rusiya Federasiyasının Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovun oğlu, Çeçenistanın ilk prezidentinin adını daşıyan Əhməd Kadırovla görüşüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, QMİ-nin mətbuat xidmətindən bildirilib ki, mübarək Ramazan ayında atasının salamlarını QMİ sədrinə yetirən qonaq nəfis şəkildə hazırlanmış Qurani-Kərimi Şeyxülislama hədiyyə verib.

Qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə çeçen xalqının lideri olmuş Əhməd Kadırovla bağlı xatirələrini bölüşüb, onun adını daşıyan nəvəsini bu yaxınlarda ailə qurması münasibətilə səmimi qəlbdən təbrik edib ən xoş arzularını ifadə edib, xatirə hədiyyəsi təqdim etmişdir.

Görüşdə Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi iştirak ediblər.