Ançelotti Andrey Luninə güvənmir

30 Mart 2023 19:27 (UTC+04:00)

“Real Madrid”in qapıçısı Andrey Lunin cari mövsümün sonunda Madrid klubundan ayrılmaq istəyir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ukraynalı stabil “birinci nömrə” olmaq və ehtiyatda oturmamaq istəyir.

Beləliklə, Luninin yayda başqa kluba keçəcəyi və keçəcəyi komandadan heyətdə əvəzsiz oynamağa zəmanət istəyəcəyi deyilir.

Yeri gəlmişkən, “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti ehtiyatda olan qapıçı Andrey Luninə o qədər də güvənmədiyini bildirib.

Deyilənlərə görə, italiyalı mütəxəssis ötən yay rəhbərlikdən iki nömrəli rol üçün yeni qapıçı istəyib, lakin onun istəyi rədd edilib.

Bu yaxınlarda Luninin “Real Madrid”də ehtiyat oyunçular skamyasında oturmaqdan yorulduğu və ukraynalının qarşıdakı mövsümdə klub qeydiyyatını dəyişmək istədiyi bildirilmişdi.

Bununla belə, Ançelotti postunu tərk edərsə, Andrey yeni məşqçinin rəhbərliyi altında bazada yer almaq üçün Tibo Kurtua ilə rəqabətdə qala bilər.

Deyim ki, bu da bir ehtimaldır...

Ağasəf Babayev