Yanlış olaraq təhdid sayılan QARŞILIQLI ETİMAD – TƏHLİL

30 Mart 2023 18:24 (UTC+04:00)

Azərbaycanın İsraildə səfirliyinin açılışı tarixi hadisə olmaqla yanaşı, ölkəmizin növbəti uğurunu təsdiq edən, həmin ölkə ilə qarşılıqlı etimad fonunda mövqeyinin daha da möhkəmləndiyini isbatlayan danılmaz həqiqət və reallıqdır. Təsadüfi deyl ki, ölkəmizə düşmən kəsilən qüvvələr, yaxud tərəflər buna görə çox narahat olublar və bu hadisəni, bu reallığı özləri üçün təhdid hesab edirlər. Əslində isə, onların təhdid hesab etdiləri, ölkələr arasında qarşılıqlı etimad, eləcə də bu fonda ölkəmizin artan nüfuzunun, potensialının və qüdrətinin daha da artmasıdır.

“Xain xoflu olar”, zərb məsəli belə bir məqamda tam yerinə düşür. Əvvəla ona görə ki, İsrail dövlətini özünə düşmən bəlləyən tərəflər, qüvvələr bu ölkənin Azərbaycanla əlaqələrinin daha da möhkəmlənməsindən, bizim səfirliyimizin həmin ölkədə açılmasından narahat olduqları göz önündədir. Deməli, həmin qüvvələr, həmin tərəflər bundan bərk qıcıqlanırlar və bunu özləri üçün arzuolunmaz hesab etdiklərini də beləliklə ortaya qoymuş olurlar. Digər tərəfdən də həmin tərəflərin niyə məhz başqa ölkənin deyil, Azərbaycanın İsraildə səfirliyinin açılmasından qıcıqlandığı da bəzi məqamlara aydınlıq gətirmək üçün kifayət edir. Axı İsraildə səfirliyi olan təkcə Azərbaycan deyil və belə çıxır ki, bəzi qüvvələr, yaxud da ölkələr məhz Azərbaycanın gücünün, qüdrətinin artmasından çox narahatdırlar. Bu isə o deməkdir ki, onların ölkəmizə qarşı niyyətləri, məqmları heç də xoşniyyətli deyilmiş. Ölkəmizin İsraildə səfirliyinin açılmasından da buna görə qorxuya düşüblər və bu səbəbdən də təhdid hesab edirlər.

Heç şübhəsiz ki, Azərbaycan və İsrail olmaqla, iki ölkə arasında diplomatik münasibətlərin yeni səviyyəsi artıq mövcud olan sıx işgüzar əməkdaşlığa və Bakı ilə Təl-Əviv arasında ildən-ilə möhkəmlənən kifayət qədər mehriban, etimadlı əlaqələrə bundan sonra ciddi şəkildə təkan verəcək. İstər ticarət, istər iqtisadiyyat, istər mədəniyyət, istərsə də siyasət və hətta hərbi-texniki sahədə hər iki ölkənin maraqlı olduğu təkzib edilə bilməz. Bir sözlə sadalanan istiqamətlərdə Azərbaycan və İsrail getdikcə daha çox qarşılıqlı maraqlar nümayiş etdirdiyi göz önündədir. Bu da təsadüfi deyil. Əvvəla, İsrail Dövləti Azərbaycan Respublikasının müstəqilliyini hələ 1991-ci ilin dekabrında rəsmən tanıyan ilk dövlətlər sırasındadır və 1992-ci ilin aprelində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulduğu, təxminən bir il sonra, daha dəqiq desək, 1993-cü ilin avqustunda İsrailin Azərbaycanda səfirliyinin açıldığı da tarixi faktlardır. Bütün bunların fonunda Azərbaycan rəhbərliyinin Təl-Əvivdə səfirlik açmaq qərarı, həmin ölkədə səfirliyin açılması tam məntiqidir və bu səbəbdən də ictimaiyyət tərəfindən, ölkə vətəndaşları tərəfindən çox yaxşı qarşılanır. Ölkəmizin rəhbərliyinin Təl-Əvivdə səfirlik açmaq qərarı belə İsraildə də böyük ruh yüksəkliyi ilə qarşılanıb. Milli Məclisdə bu qanunun qəbul edilməsindən dərhal sonra, keçən ilin noyabrında İsrailin baş naziri Yair Lapidin öz Tvitter hesabında Azərbaycan parlamentinin qərarını hərarətlə alqışlaması deyilənləri təsdiq edir. “Azərbaycan İsrail üçün mühüm tərəfdaşdır və müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edir. Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman dünyası ilə güclü siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”, deyə İsrailin baş naziri həmin vaxt öz Tvitter hesabında qeyd etmişdi və bu onu göstərir ki, qarşılıqlı etimad həmişə olub və bu günlərdə də öz təsdiqini tapdı.

Azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxış edən İsrailin xarici işlər naziri Eli Kohenin Azərbaycanın İsraildə səfirliyinin açılmasına görə şəxsən Azərbaycan prezidentinə təşəkkür etməsi də diqqətə layiq məqamdır. “Azərbaycan Prezidentinə İsraildə səfirlik açmaq qərarına görə təşəkkür edirəm. Əminəm ki, bu, iki ölkənin hökumətləri və xalqları arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək”, deyən İsrailin xarici işlər naziri bu addımın iki ölkə arasında strateji münasibətlərin dərinliyinə böyük qiymət verdiyini isbatlayır.

Sözsüz ki, ölkələrmiz arasında, yəni Azərbaycan və İsrail arasında strateji əməkdaşlığa hər zaman önəm verilib. Biz bunun dəfələrlə şahidi olmuşuq. Xatırladığımız kimi, İsrailin Azərbaycanla strateji əməkdaşlığa önəm verdiyini İsrailin Azərbaycandakı səfiri Corc Dik 2021-ci ilin dekabrında Bakıda keçirdiyi mətbuat konfransında da bildirib. Ən çox diqqət çəkən məqam isə İsrail səfirinin, 2020-ci ildə 44 günlük müharibə zamanı ölkələrimiz arasında münasibətlərin bir çox sınaqlardan çıxdığını o zaman dilə gətirməsidir. Həqiqətən də İsrail Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli məsələsində öz ədalətli mövqeyini ortaya qoyub, ölkəmizin ərazi bütövlüyü və suverenliyini hər zaman dəstəkləyib. Rəsmi həmin ölkənin belə bir mövqeyini yüksək qiymətləndirir. İsrail hökuməti də öz növbəsində Azərbaycan ərazisində böyük bir yəhudi icmasının yaşamasına prinsipial əhəmiyyətli məsələ kimi yanaşır və xalqlarımız arasında münasibətlərin qədim tarixə malik olduğuna dəyər verir.

İsraillə Azərbaycan arasında iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşməsinin kifayət qədər, olduqca böyük potensiala malik olduğu da artıq öz təsdiqini tapıb. Ötən ildə, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 85 faiz artaraq 7 milyard dolları ötməsi bunun əyani sübutudur. Statistik göstəricilərdən də məlum olur ki, deməli, dövriyyə dinamik şəkildə artmaqdadır. Bu artım özü də qarşılıqlı etimad mühitinin olmasından xəbər verir. Əks halda ən azından artım müşahidə edilməzdi. O da təsadüfi deyil ki, dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biri də məhz İsraildir və ölkəmizdə hal-hazırda 114 İsrail şirkəti fəaliyyət göstərir. Bütün bunlar qarşılıqlı etimadın bariz nümunəsidir, desək haqlıyıq.

İki ölkə arasında hərbi-texniki əməkdaşlığa gəlincə, bu barədə də perspektivlər kifayət qədərdir. Görünür Ermənistanı narahat edən də hər zaman bu perspektiv olub. Axı İsrail Ermənistana silah satmaqdan imtina edib və bu məsələyə görə də separatçılar çox narahatdırlar. Narahatdırlar ki, ölkələrimiz arasında əməkdaşlıq hər sahədə olduğu kimi, hərbi-texniki sahədə də dinamik inkişafdadır. Bu inkişafı İsrailin xarici işlər naziri Eli Koenin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən mətbuat konfransında qeyd etməsi, İsrail nümayəndə heyətinin bir ay sonra Azərbaycana nəzərdə tutulan qarşıdakı səfəri zamanı geniş müzakirələr aparılacağını vurğulaması həmin sahədə də dinamik inkişafın olacağı deməkdir.

Bilirik ki, Yaxın Şərqlə uzunmüddətli strateji əməkdaşlığın qurulmasının əsas şərti Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsidir və Azərbaycanın da öz regionunda sülhün bərqərar olması istiqamətində gördüyü işlər danılmazdır. Məsələ burasındadır ki, bizim qonşu dövlətlərimiz olan Ermənistan və İran barədə bunu demək olmaz. Əksinə, hər iki qonşu dövlətin regionda sülhün bərqərar olmasına əngəl olduğu ortadadır. Görünür, məhz bu baxımdan da Azərbaycana qarşı qısqanclıqla yanaşılır və indi Azərbaycan-İsrail əlaqələrinin güclənməsi çox ağrılı şəkildə qəbul edilir, bu əlaqələri özləri üçün hətta təhdid kimi də görürlər. Əlbəttə, belə görünür ki, Azərbaycanın İsraildə səfirliyinin açılmasını Tehran tərəfi rəsmi Bakının növbəti “düşmən” addımı kimi də adlandıra bilər. Amma əgər İran tərəfi Azərbaycana qarşı belə iddialar səsləndirsə, bu, tamamilə əsassız sayılmalıdır. Nəinki əsassız, hətta qərəzli hesab olunmalıdır. Çünki rəsmi Bakı dəfələrlə rəsmi Tehranın diqqətinə çatdırıb ki, qeyd olunan iddiaları əsassızdır və İsraillə dostluq münasibətləri İrana qarşı düşmənçilik niyyəti demək deyil. Buna baxmayaraq İran bu münasibətləri özü üçün təhdid hesab edir, amma bu münasibətlər təhdid yox, qarşılıqlı etimad deməkdir və qonşu ölkələr bunu belə dəyərləndirməlidirlər.

Ümumiyyətlə, ölkəmizin təkcə İsrail deyil, hansısa ölkə ilə münasibətlərini yaxşılaşdırmasına heç bir ölkənin qarışmaq hüququ yoxdur. Azərbaycan müstəqil ölkədir və hansısa ölkəyə rəsmi Bakının qərarlarını müzakirə belə etmək haqqı verilməyib, çünki öz daxili işidir. Azərbaycan da öz növbəsində başqa dövlətin daxili işlərinə qarışmamaq prinsipinə ciddi riayət edir, baxmayaraq ki, 44 günlük müharibədən öncə də, müharibə dönəmində də, müharibə bitdikdən sonra da İran Ermənistanın ölkəmizə təcavüzünü belə dəstəkləyib və hələ də bu niyyətini gizlətmir. Yeri gələndə Bakının Tehranın siyasətindən narazı qalması üçün hər cür əsası da var. Çünki İran məhz Azərbaycana təcavüz edən, torpaqlarını bir zaman işğal altında saxlayan, xalqımıza qarşı soyqırım edən və yenə də həmin niyyətdə olan bir təcavüzkar ölkəni dəstəkləyir və buna narazı olmaq tam məntiqidir.

Heç şübhəsiz ki, Azərbaycanın qələbəsindən sonra regionda yeni reallıqların yaranması, ölkəmizin lider dövlət olması İranı narahat edir. Elə bu narahatlığı fonunda da İsraillə münasibətlərimizin yaxşılaşmasına təhdid kimi baxması məsələnin iç üzünü ortaya qoyur. Həm İsrail, həm də Azərbaycan üçün münasibətlərin yaxşılaşmasını düşmən bəllədiyi hər iki ölkənin gücünün, qüdrətinin artması kimi dəyərləndirir, bundan da narahat olur. Məsələ burasındadır ki, İran tərəfi də, elə Ermənistan tərəfi də bundan narahat olsa da, bunu özləri üçün təhdid hesab etsə də, Azərbaycan öz milli maraqlarına, eləcə də bu milli maraqları dəstəkləyən dost ölkələrlə münasibətlərinə həssas, özü də hörmətlə yanaşır və kimlərinsə özlərinə təhdid hesab etdikləri qarşılıqlı etimada çox böyük önəm verir.