Zelenski Avstriya Parlamentində videokonfrans vasitəsilə çıxış edib

30 Mart 2023 17:43 (UTC+04:00)

"Rusiya qüvvələri geri çəkilməli olduqları ərazilərdə mina və tələlər yerləşdirib, bununla da mülki əhalinin ölümü və ya ciddi xəsarət alması ilə nəticələnib".

SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avstriya Milli Parlamentinin xüsusi iclasında videokonfrans vasitəsilə etdiyi çıxışda deyib.

"Bu müharibəyə görə hər gün xalqımızı itiririk” deyən Zelenski Ukrayna xalqının təkcə qarşıdurmalar nəticəsində ölmədiyini, həm də Rusiya qüvvələrinin işğalından azad edilən ərazilərdə itkilər olduğunu, mina və buna bənzər tələlər nəticəsində mülki əhalinin həyatını itirməkdə və ya yaralanmaqda davam etdiyinə diqqət çəkib.

Parlamentin sədrini və digər millət vəkillərini ölkəsində baş verənləri daha yaxşı başa düşməyə dəvət edən Zelenski neytrallığın hərbi və geosiyasi xarakter daşıyacağını, lakin etik cəhətdən neytrallığın olmayacağını bildirib.

Digər tərəfdən, Zelenskinin parlamentdəki çıxışının ölkənin neytrallığına xələl gətirdiyini iddia edən ifrat sağçı Avstriya Azadlıq Partiyasının (FPÖ) nümayəndələri parlamenti tərk ediblər.

Zelenskinin çıxışına etiraz edən ifrat sağçılar parlamentdəki yerlərində sülh və neytrallıq qeyd edən pankartlar qaldırıblar.

Ukrayna liderinin çıxışından sonra çıxış edən avstriyalı millət vəkilləri də ifrat sağçı partiyanın mövqeyinə reaksiya verərək, “FPÖ bu mövqeyi ilə Rusiyanın dostu olduğunu bir daha nümayiş etdirdi və görülən işlərin Moskvanın tələbilə həyata keçirildiyini" irəli sürüblər.