Qələbə Zəfərinin yaratdığı yeni idarəetmə modeli - TƏHLİL

30 Mart 2023 17:26 (UTC+04:00)

PREZİDENT İLHAM ƏLİYEV: “Yeni idarəetmə modeli ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir”

Azərbaycan Prezidenti İlham Əliyev martın 28-də Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Prezident İlham Əliyev yeni idarəetmə modelinin tətbiq olunacağının mesajını verib. Bu barədə dövlət başçısı martın 28-də Laçına yeni təyin etdiyi xüsusi ...yeni idarəetmə modelinin ölkəmizin bütün digər hissələrində də tətbiq edilməsini deyib: "Yenə də deyirəm, dövlət öz üzərinə düşən vəzifəni icra edir. Demək olar ki, indi bu təyinatdan sonra azad edilmiş əksər rayonlarda mənim xüsusi nümayəndələrim artıq fəaliyyətə başlayacaqdır. Hələ təkcə Kəlbəcər rayonunda təyin edilməyib, bu da olacaq. Bu ərazilərdə, eyni zamanda, yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni, bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir. Bax, mənim tapşırıqlarım bundan ibarətdir, siz mənim etimadımı doğrultmalısınız".

ZAMANIN TƏLƏBİ, SOSİAL SİFARİŞ

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindəki qələbə Zəfəri yenilməz Azərbaycan Ordusu Ermənistanın 30 illik işğalına 44 gündə son qoyduqdan dərhal sonra həmin ərazilərdə yenidənqurma, tikinti-abadlıq işlərinə start verildi. Qələbədən bir həftə sonra Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri və tikinti-bərpa işlərinin təməlqoyma mərasimində şəxsən iştirak etmələri dünyaya bir daha bəyan etdi ki, “Qarabağ Azərbaycandır!”. Və bu qələbə Zəfəri regionda yeni reallıqların formalaşması ilə yanaşı, eyni zamanda ölkəmizin ictimai-siyasi həyatında, o baxımdan idarəetmə sistesmində də mühüm dəyişiklərin tədbiqinə real zəmin yaratdı. Məhz 2021-ci il yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında» Fərman da zamanın tələbi olaraq mühüm, tarixi sənəddir. Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Prezidentin xüsusi nümayəndəliklərinə Prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan xüsusi nümayəndələr rəhbərlik edəcəklər. Fərmana əsasən müəyyən edilib ki, xüsusi nümayəndə Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Prezidenti təmsil edən vəzifəli şəxsdir və Prezidentin müəyyən etdiyi ərazi hüdudlarında onun müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.

YENİ İDARƏETMƏ MODELİ İLK DƏFƏ ŞUŞADA TƏTBİQ EDİLİB

Azərbaycan Prezidenti İlham Əliyev hələ əvvəlki çıxışlarında bu mövzu ilə bağlı danışarkən bildirmişdi ki, işğaldan azad edilmiş bölgələrdə elə idarəetmə forması tətbiq ediləcək ki, o gələcəkdə digər ərazilərimiz üçün də model təşkil etsin.Və bu baxımdan da Şuşaya Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi əslində həm də ölkəmizdə yeni idarəetmə institutunun yaradılması kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev Şuşaya xüsusi nümayəndəsini təyin edərkən onun qarşısında mühüm vəzifələr qoydu və tapşırıqlarını verdi. Bu, hər şeydən öncə Şuşa şəhərinin tarixi görkəminin, tarixi mədəni və dini abidələrimizin bərpa olunması, ənənəvi festivallarımızın və poeziya günlərimizin keçirilməsi, Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş şəhərimizin bütün infrastrukturunun modern əsaslarda yenidən qurulması və s. kimi mühüm işlərlə bağlı idi.

Eyni zamanda onu da vurğulamaq lazımdır ki, dövlət başçısının ölkəmizdə Prezidentin xüsusi nümayəndəsini ilk olaraq Şuşa rayonuna təyin etməsi də təsadüfi deyil. Qədim şəhər olan Şuşaya xalqımızı güclü mənəvi tellər bağlayır. Bu şəhər mədəniyyət paytaxtımızdır, bütövlükdə Azərbaycanın simvoludur. Prezident İlham Əliyev Şuşanın bərpasına çox həssaslıqla yanaşır və xüsusi nümayəndənin Onun tapşırıqlarını yüksək səviyyədə yerinə yetirəcəyinə əminliyini bildirib. Şuşa rayonundan sonra xüsusi nümayəndəlik institutu Qarabağ iqtisadi rayonunda tətbiq edildi. Prezident İlham Əliyev 1 dekabr 2021-ci il tarixində imzaladığı Sərəncamla Emin Zamin oğlu Hüseynov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.Daha bir belə təyinat 2022-ci il dekabrın son ongünlüyündə Azərbaycanın ayrılmaz hissəsi olan Naxşıvan Muxtar Respublikasında reallaşdı. Dövlətimizin başçısı dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.Və bu günlərdə – 2023-cü ilin martın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən Prezident İlham Əliyev yeni idarəetmə modelinin tətbiq olunacağının mesajını verib.

Onu da qeyd edək ki, dövlət başçısı vəzifələrə təyin etdiyi kadrları şəxsən qəbul edir və onlara ictimaiyyət qarşısında tapşırıqlarını verir. Qarşıya qoyulan tələblər belədir: Kadrlar düzgün işləməli, əliəyriliyə yol verməməlidirlər. Bir sözlə, bütün bunlar Azərbaycan vətəndaşlarının dövlət hakimiyyəti orqanlarına, onun yerli strukturlarına, parlamentə etimadını, inamını artıracaq. Və müasir dövrdə idarəetmə sahəsində islahatların aparılması zəruridir və bu baxımdan, dövlət başçsının atdığı addmlar böyük əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin dediyi kimi: «Yeni idarəetmə modeli ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək».

RƏFİQƏ KAMALQIZI