“Laçının işğalı Azərbaycan xalqına əsl xəyanət idi” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

30 Mart 2023 16:59 (UTC+04:00)

“Laçın ölkəmizin böyük potensiala malik olan rayonlarından biridir. Azərbaycanın turizm potensiallı rayonu olan Laçının 28 illik işğal dövründə infrastukturu ermənilər tərəfindən tamamilə dağıdılıb. Bu gün Azərbaycan dövləti Qarabağa yenidən həyat bəxş edir. Ölkəmiz öz torpaqlarını dirçəldib, əsl sakinlərinin təhlükəsiz şəkildə yaşamasını təmin edəcək”. Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan Silahlı Qüvvələri üçün Laçın rayonunun işğalına yol açılır: “Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan Azərbaycan Silahlı Qüvvələrinin əksər bölmələri Bakıdakı siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtdakı silahlı aksiyalara qoşulan ordu cəhbə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu”.

Müşfiq Cəfərov sözlərinə belə davam edib: “Nəticədə, ardıcıl işğal olunan rayonlarımızın sırasına Laçın da qoşuldu. Əhəmiyyətli geostrateji mövqeyə malik Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurdu. Demək olar ki, Laçının işğalı Azərbaycan xalqına əsl xəyanət idi. Məqsədli şəkildə daxildə qarşıdurmalar yaradılırdı”.

Ayşən Vəli