"Xüsusi nümayəndəlik olduqca səmərəli idarəetmə modelinə çevrilib" - MİLLƏT VƏKİLİ DANIŞDI

30 Mart 2023 16:00 (UTC+04:00)

"Prezident İlham Əliyev Laçın rayonuna öz xüsusi nümayəndəsini təyin edib və qəbul zamanı öz tövsiyyə və tapşırıqlarını verdi. Ümumilikdə Prezident yeni təyin olunan nümayəndə ilə Laçın rayonu ilə bağlı görülən işlər və işğaldan azad olunmuş bütün ərazilərdə genişmiqyaslı bərpa, quruculuq işləri barədə bəhs edib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Kamran Bayramov bildirib.

Onun sözlərinə görə, bunlarla yanaşı işlərin həcmini nəzərə alaraq orada dövlət idarəetməsinin və qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədi ilə xüsusi nümayəndəlik institunun əhəmiyyəti barədə söz açıb: "Artıq məlumdur ki, işğaldan azad olunmuş ərazilərin bir neçəsində xüsusi nümayəndə təyin edilib. Zaman artıq onu göstərir ki, xüsusi nümayəndəlik kursu olduqca səmərəli bir idarəetmə modelinə çevrilib. Bu gündə işğaldan azad olunmuş ərazilərdə ölkə başçısının tapşırığı və göstərişi ilə xüsusi nümayəndələrin vasitəsilə bir çox işlərə nəzarət edilir. İri infrastruktur layihələr həyata keçirilir, yollar salınır, sosialyönümlü obyektlər tikilir və bir neçə yaşayış məntəqəsinə vətəndaşlarımızın qayıdışı təmin ediləcək.

Laçın rayonu ilə də bağlı böyük qayıdışın olması nəzərdə tutulub. Həmçinin Hava Limanının tikilib, istifadəyə verilməsi ilə də bağlı müddətlər söylənildi. Düşünürəm ki, həqiqətən bu cür idarəetmə modeli təcrübədir. Biz görürük ki, bu model olduqca uğurlu və təcrübəlidir. Cənab Prezidentin də qəbulda söylədiyi kimi bu cür idarəetmə modelinin nəinki işğaldan azad olunmuş ərazilərimizdə, eyni zamanda digər bölgələrimizdə tətbiqi nəzərdə tutulur. Fikrimcə, bu da idarəetmə islahatlarının yeni bir mərhələsidir".