Terrorizm haqqında birmənalı tərif mövcud olmasa da, mütəxəssislərin əksəriyyətinin qənaətinə görə siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunması.
Sovet ədəbiyyatlarında qeyd edildiyi kimi, terrorizmi yalnız dövlət xadimlərinə edilmiş hərəkət kimi qiymətləndirilə bilməz. Ona görə ki, real həyatda terror aktlarından daha çox günahsız kütlə, sivil şəxslər ziyan çəkir; həmçinin təkcə siyasi deyil, etnik, dini, kriminal, separatist və s. zorakılıq da terrorizmin bir növüdür.
Dünyanın bir çox böyük şəhərlərində davamlı şəkildə terror hadisələri baş verir. Əfsuslar olsun ki, bu hal Azərbaycandan da yan keçmir. Son zamanlar ölkəmizdə baş verən hadisələr insanları narahat edir. Hər hansısa müəyyən qüvvələr ölkədə qarışıqlıq yaratmağa nail olmaq istəyirlər. Buna misal olaraq ötən günlərdə baş verən Əhmədli ərazisində yerləşən hipermarketlərin birində baş verən verən atışma hadisəsi, daha sonra Bakı Dövlət Sirkinin yaxınlığında həyata keçirilən silahlı şəxslərin dinc əhaliyə atəş açması və sonuncu olaraq dünən axşam saatlarında öz mənzilinin qarşısında silahlı atışmaya tuş gələn Azərbaycan Respublikasının millət vəkili Fazil Mustafanın başına gələnləri göstərmək olar. Bəs ölkə sakinləri bütün bu olanlar barədə nə düşünür? Mövzu ilə əlaqədar olaraq SİA-ya şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Əhmədova Sevil: “Təbii ki, bir vətəndaş kimi ölkəmizdə terror aksiyalarının həyata keçirilməsi məni narahat edir. Çünki hazırda şəhərdə insan sayı çoxdur və günün müəyyən saatlarında insanların sıx olduğu yerlərdə hər hansı hadisə törətmək olduqca asanlaşıb. Xüsusilə də, metrolarda, parklarda insanlar çoxluq təşkil edirlər. Fikrimcə, dövlətimiz tərəfindən insanların təhlükəsizliyi yüksək səviyyədə qorunacaq və növbəti dəfə bu cür terror aksiyaları baş verməyəcək”.
Şəhər sakini Qələmnaz Şükürova: “ Düşünürəm ki, ölkəmizdə təhlükəsizliyin təmin olunmasını təkcə dövlətin üzərinə atmaq olmaz. Ona görə ki, biz vətəndaşlar da öz təhlükəsizliyimizə diqqət etməyi bacarmalıyıq. Tövsiyə edərdim ki, belə çətin dönəmlərdə insanlar sıxlıq yaratmasınlar və metrodan az-az istifadə etsinlər. Çünki bu da uzunmüddətli bir şey deyil və cinayətkarlar qısa bir dönəmdə tutulacaqlar”.

Şəhər sakini Yavər Gözəlov: “İnsanlar getdikcə sanki quduzlaşırlar və onlar bir-birilərinin əleyhinə hərəkətlər nümayiş etdirirlər. Lakin son zaman ölkəmizdə baş verən hadisələr heç də ürəkaçan deyil. Azərbaycan hər zaman öz əmin-amanlığı ilə seçilib. Düşünürəm ki, bu əmin-amanlığı da qorumaq və sahib çıxmaq lazımdır”.
Şəhər sakini Gülşən Əliyeva: “Mən düşünürəm ki, Azərbaycanı gözü götürməyən xarici qüvvələr bizim ölkəmizdə xaos yaratmaq istəyirlər. Onlar düşünürlər ki, bu cür terror hadisələri törətməklə bizim iradəmizi qıra biləcəklər. Həyata keçirilən bütün bu hadisələr qəsdən edilir”.

Şəhər sakini Orxan Şükürov: “Ölkəmizdə son zaman baş verən hadisələr acınacaqlıdır. Çünki Azərbaycanda uzun illər ərzində bu kimi hadisələr baş verməyib və bu səbəbdən olanlar hər kəsdə böyük təəccüb doğurur. Çox yaxşı olar ki, biz özümüz də təhlükəsizliyimizi qorumağa çalışaq. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti də vətəndaşların təhlükəsizliyini lazımınca qoruyur”.