Quba qırğınları – Bakı və Şamaxı soyqrımının dəhşətli davamı ŞƏRH

29 Mart 2023 12:40 (UTC+04:00)

“Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələri Azərbaycan ərazisində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş yəhudiləri də qətlə yetiriblər

31 mart - Azərbaycanlıların soyqırımı günü kimi xalqımızın qanlı səhifəsinə yazılan tarixlərdəndir. Lakin qeyd etmək lazımdır ki, məhz Bakı və Şmaxı qırğınlarından sonra Quba qırğınları da öz dəhşətləri ilə seçilib. Belə ki, soyqırımı aktları zamanı Qubada öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının (indiki Quba rayonunun) 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Aparılan tədqiqat zamanı o da məlum olub ki, erməni daşnakları dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yerləri yoxdur. Onların hamısı küt alətlərlə qətlə yetiriliblər.

Digər araşdırmalar da göstərir ki, qətlə yetirilmiş insanların baş nahiyəsindən balta ilə vurublar. Sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Bəzi kəllə sümüklərində mismarlar aşkarlanıb. İnsanların başına mismar vurmaqla öldürülməsi bu vəhşiliyin hüdudlarının olmadığını göstərir. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb. Qətlə yetirilənlər isə yalnız azərbaycanlılar deyil, həm də yəhudi xalqının nümayəndələri olublar. Bu barədə faktlar isə artıq sənədləşdirilib və tarixi arxivlərdə saxlanılmaqdadır.

Qeyd edək ki, 1918-ci il may ayının 1-də törətdikləri vəhşilikləri ilə məşhurlaşmış erməni-daşnak zabiti Amazaspın komandanlığı altında yalnız ermənilərdən ibarət 3 minlik hərbi birləşmələr üç tərəfdən Quba şəhərinə daxil oldular. Bu hadisədən bir müddət sonra Quba şəhər polis idarəsinin rəisi öz raportunda bunları yazıb: “… Fövqəladə Təhqiqat Komissiyasına bildirirəm ki, Quba şəhərinin I hissəsinin ərazisində erməni quldurları tərəfindən yaralanan və şikəst edilənlər yoxdur və ola da bilməz, çünki onlar çox sərrast atırdılar və bir güllə əvəzinə 40-50 güllə işlədirdilər. Bundan əlavə onlar qabaqlarına çıxan hər kəsi xəncərlə doğrayır, ölənə qədər tüfəngdən atəşə tutur, öldürəndən sonra isə meyitləri eybəcər hala salırdılar…”

Quba qəzası 1918-ci il qanlı mart hadisələrindən sonra bolşeviklərin Bakı və Şamaxı qəzalarında qurduqları Sovet hakimiyyətini genişləndirmək istədikləri üçüncü Azərbaycan regionu oldu. Amma aparılan araşdırmalardan da məlum olub ki, həmin vaxtlarda Qubada olan şərait Bakı və Şamaxıdan bir qədər fərqli idi. Belə ki, Quba xanlığının və eyni adlı qəzanın sosial-siyasi və iqtisadi həyatında erməni elementi tarixən heç bir gözə çarpan rol oynamamışdı. 1918-ci ildə Quba şəhərində və yığcam şəkildə qəzanın 2-3 erməni kəndində yaşayan azsaylı erməni əhalisinin öz kilsələri, dini məktəbləri və s. olsa da, yerli zadəgan dairələrində nüfuzlu elitası və gözəçarpan zəngin təbəqəsi olmadığından onlar, şəhərin və qəzanın inzibati-idarəçilik və ictimai strukturunda demək olar ki, təmsil olunmurdular. Bu baxımdan, ermənilərin Qubada hər hansı bir üstünlük cəhətləri mövcud deyildi. Mühüm strukturlarda əsas vəzifələri və rütbələri rus, azərbaycanlı, tat, ləzgi və yəhudi xalqlarının nümayəndələri tuturdu.

Daha bir məqamı da qeyd edək ki, Quba fəhlə və əsgər deputatları Sovetində Quba bolşeviklərinin mövqeyi də yeni Sovet hakimiyyətinin qurulması işində dayaq olmaq üçün kifayət qədər güclü deyildi. Bu dövrdə Quba qəzasında rəsmi olaraq real hakimiyyəti Zaqafqaziya Seyminə tabe olan ictimai təşkilatların İcraiyyə komitəsi təmsil edirdi.

Bu həqiqət bir daha onunla təsdiq edilirdi ki, silahlı erməni quldur dəstələri hələ Bakıdan Qubaya və əksinə hərəkət edərkən, bütün dəmir yolu xətti boyunca, yolun hər iki tərəfində yerləşən müsəlman kəndlərinə basqın edir, onları talan etdikdən sonra odlayır, məscidləri və müqəddəs Quran kitablarını yandırır, kəndlilərin əmlakını talayır, rastlarına çıxan hər kəsi isə dərhal, qadın, qoca və uşaqlara rəhm etmədən öldürürdülər.

Beləliklə, mart soyqrımı təkcə azərbaycanlıların deyil, həm də yəhudi xalqına qarşı müasir dövrdə törədilən ilk soyqırım aktıdır. 1918-ci ildə erməni daşnakları və digər erməni quldur dəstələri tərəfindən Azərbaycanın müxtəlif regionlarında, əsasən də Qubada yaşayan yəhudilərə qarşı xüsusi amansızlıqla soyqırım aktı törədilmişdir. Soyqırım nəticəsində 3 minə yaxın yəhudi öldürülmüşdür.

“Böyük Ermənistan” xülyasını həyata keçirmək üçün 1918-1919-cu illərdə erməni caniləri Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldur birləşmələri Azərbaycan ərazisində azərbaycanlılarla bərabər, ermənilərlə əməkdaşlıqdan imtina etmiş 3 minədək dinc yəhudini də qətlə yetirib. Ermənilər Azərbaycanda yaşayan yəhudilərdən silah-sursat alınmasında maliyyə yardımının edilməsini tələb etmişdilər. Yəhudi xalqı min ilə yaxındır dinc yaşadığı, ikinci ana vətən saydığı ölkələrinə xəyanət etmədi, əvəzində, erməni vəhşiliyinin qurbanı oldu.

Ermənilər tarixən türklər qədər yəhudi xalqına da nifrət ediblər. Çünki özlərini xristianlığı ilk qəbul edən xalq sayan ermənilər İsa peyğəmbərin qətlində daim yahudiləri günahkar görüblər. Göründüyü kimi, mənsub olduqları dini də erməniləşdirən, öz xəstə xislətinə adaptasiya edən ermənilər bu yolla yəhudi xalqının qanına bais olublar.

Bu gün dünyada bilinən yanlış bir tarix var. Yəhudi soyqırımının ümumiləşmiş adı olan Holokost heç də İkinci Dünya müharibəsi zamanı deyil, 1918-ci ildə ermənilər tərəfindən törədilib. Mart soyqırımı zamanı həlak olan yəhudilərin qalıqlarını araşdıran əksər yəhudi alim etiraf edirlər ki, İkinci Dünya müharibəsi zamanı nasist almanlar tərəfindən soyqırıma məruz qalan yəhudilərin öldürülmə şəkilləri ilə bənzərlik təşkil edir. Bu fakt ondan xəbər verir ki, 1918-ci ildə Stepan Şaumyanın, Amazaspın və Lalayanın başçılıq etdiyi daşnak quldurlarının azərbaycanlılarla yanaşı, yəhudi xalqına qarşı başlatdığı soyqırımı Njde Qaragen kimi ermənilər alman nasizminin tərkibində davam etdirmişlər. Dünya bu reallığı bilməlidir.

Almaz HƏŞİMOVA,

YAP Füzuli rayon təşkilatının sədri