"Xalqın gözü qorxmayacaq, danışan dillərimiz isə kəsilməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

29 Mart 2023 01:14 (UTC+04:00)

"Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən bu terror aktı danışan dilləri susdurmaq cəhdidir. Bunlarla müəyyən qüvvələr Azərbaycana göz dağı vermək istəyirlər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirib.

Onun sözlərinə görə, sözügedən hadisə Dövlət Təhlükəsizliyi Xidmətinin yarandığı yubley gününə, həm də Azərbaycanın İsraildəki səfirliyinin açıldığı günə təsadüf etdi: "Bəziləri etdikləri əməllərlə azərbaycanlı insanları qorxutmağa çalışırlar, onlar ölkəmizdə çaxnaşma yaratmaq istəyirlər. Bəlkə də bununla onlar müəyyən təxribatlara cəhd göstərirlər. Lakin əminəm ki, bütün bunların qarşısı alınacaq. Azərbaycan xalqı hər zaman çətin günlərində fədakarlıq və birlik nümayiş etdirib. Bu gündə Azərbaycan xalqı cənab Prezidentin ətrafında daha sıx birləşəcək və biz içərimizdə olan xainləri, eyni zamanda aventura şəbəkəsini kəsib ata biləcəyik. Azərbaycan xalqının gözü qorxmayacaq, danışan dillərimiz isə kəsilməyəcəkdir. Biz daha sərt mövqe ortaya qoyacağıq".

Razi Nurullayev əlavə olaraq qeyd edib ki, bu günə qədər kiməsə qarşı müəyyən güzəştlər olunsa da, günü sabahdan yüzlərlə həbslər həyata keçiriləcək: "Kim ki, Azərbaycan xalqına və dövlətinə qarşı işləyirsə və bizim torpağımızda yaşayıb başqa ölkələrin maraqlarına xidmət edirsə onlara heç bir güzəşt oluna bilməz. Fikrimcə, bundan sonra millət vəkilləri, jurnalistlər, siyasi xadimlər və Azərbaycan xalqını sevən bütün kəslər daha uca səslə danışaraq xalqımızın düşmənlərini daha da şiddətlə ifşa etməlidirlər".