Polyaklar daha üç rus casusu tutublar?

28 Mart 2023 19:48 (UTC+04:00)

Polşa Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın xeyrinə casusluq fəaliyyətində iştirakda şübhəli bilinən daha üç nəfəri saxlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Polşa xüsusi xidmət orqanlarının işini əlaqələndirən nazirin mətbuat katibi Stanislav Jarin bildirib.

Onun dediyinə görə, ölkənin Milli Təhlükəsizlik Agentliyi əvvəllər müəyyən edilmiş casus şəbəkəsinin bir hissəsi kimi fəaliyyət göstərən yeni insanları müəyyən edib.

“Söhbət Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olan qrupun tərkibində fəaliyyət göstərən şəxslərdən gedir. Onlar həm ənənəvi kəşfiyyat fəaliyyəti, həm də təbliğat baxımından Rusiya xüsusi xidmət orqanlarının konkret tapşırıqlarını yerinə yetirirdilər. Bu, Ukrayna üçün marşrutlar və nəqliyyat haqqında məlumat toplamaq üçün tapşırıqlar alan insanların daxil olduğu bütöv bir şəbəkədir, lakin bu insanlar həm də Rusiya tərəfinin sifarişi ilə Polşaya qarşı aktiv təbliğat fəaliyyətinin cari gündəliyinin bir hissəsi olan xüsusi məzmunu yayırdılar”.

Bunu polşalı mətbuat katibi bildirib.
Qeyd edək ki, martın əvvəlində Polşa Daxili Təhlükəsizlik Agentliyi doqquz əcnəbini saxlayıb, sonra prokurorluq onları Rusiya Federasiyasının xeyrinə casusluqda, habelə mütəşəkkil cinayətkar qrupda iştirakda ittiham edib.

Ağasəf Babayev