Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft daşımağı planlaşdırır

28 Mart 2023 19:06 (UTC+04:00)

Qazaxıstan apreldə Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 125 min ton neft daşımağı planlaşdırır.

SİA-nın əldə etdiyi məlumata görə, Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkətinin (KazTransOil) açıqlamasında bildirilib ki, ölkənin Tengiz neft yatağından təxminən 10 min ton neft BTC-yə nəql edilmək üçün Xəzər dənizi sahilindəki Aktau limanından Azərbaycan Prezidenti Heydər Əliyev adına tankerə yüklənib.

Açıqlamada qeyd olunub ki, bu ayın sonuna qədər 10 min ton Qazaxıstan nefti həmin marşrutla daşınacaq və aprel 2023 il dövrü üçün Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəzərdə tutulan neft nəqlinin həcmi 125 min tondur

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) martın 23-də Qazaxıstan neftinin ilk partiyasının tankerlə Aktau limanından Səngəçal terminalına daşındığını bildirib.

Açıqlamada qeyd olunub ki, daşıma SOCAR ilə Qazaxıstanın “KazMunayQaz” şirkəti arasında imzalanmış müqavilə çərçivəsində ildə 1,5 milyon ton neftin keçidini nəzərdə tutur.

Rusiya-Ukrayna müharibəsi səbəbiylə neft ixracı üçün yeni marşrutlara üz tutan Qazaxıstan hökuməti 2023-cü ildən etibarən Xəzər dənizindən BTC vasitəsilə daşımalara başlayacaqlarını və Bakı-Supsa və Bakı-Batum boru kəmərləri üzərində çalışdıqlarını açıqlayıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev də BTC xəttinin yerləşdiyi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Mərkəzi Dəhliz) neft nəqlinin həcmini ildə 20 milyon tona çatdırmağı planlaşdırdıqlarını açıqlayıb.