"Ermənistanın təxribatçı əməllərindən cana doymuşuq" - SORĞU

28 Mart 2023 16:32 (UTC+04:00)

Regionda sülhün və təhlükəsizliyin təmin edilməsi ən vacib məsələlərdən biridir. Xüsusilə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması beynəlxalq birliyin diqqət mərkəzindədir. Bu məqsədlə indiyə qədər bir sıra görüşlər keçirilib, bəyanatlar imzalanıb. Lakin hər görüşdən və razılaşmalardan sonra erməni tərəfi müxtəlif təxribatlara əl atır. Bu yanaşma Ermənistan üçün artıq ənənə halına çevrilib. Bəs görək şəhər sakinləri erməni təxribatları barədə nə düşünür. SİA mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib.

Şəhər sakini İkram Qurbanov: "Biz düşməndən yarımamışıq. Erməni kimi düşməni heç kimə arzu etmirəm. Bu dövlət düşmənçiliyi belə düz-əməlli bacarmır. Ona görə də onun heç vaxt dostu ola bilməz. Hər an arxadan zərbə endirə bilərlər. Bizim onlara nə yazığımız gəlməlidir, nə də yaxınımıza buraxmalıyıq. Onlar ömür boyu namərd gəliblər, namərd də gedəcəklər. Olan elə bizim dövlətə, bizim millətə olacaq".

Şəhər sakini Bəxtiyar Babayev: “Ermənistan 44 günlük müharibədən sonra da özünə yığışmadı. Azərbaycan Ordusu erməni qüvvələrini darmadağın etsə də, hələ ağılları başlarına gəlməyib. Əgər yenə biyabırcasına məğlub olmaq istəyirlərsə, bu xalq gücünü göstərməyə və torpaqları uğrunda vuruşmağa hazırdır”.

Şəhər sakini Gülşad Məmmədova: “Artıq ermənilərin bu təxribatçı əməllərindən cana doymuşuq. Nə qədər pis xislətli bir millət olasan ki, bu qədər qan tökməkdən bezməyəsən. Biz sülh istəyirik. Müharibə, şəhid xəbəri, matəm istəmirik”.

Şəhər sakini Etibar Muxtarov: "Ermənilərdən heç vaxt bir xeyir görməmişik, bundan sonra da görməyəcəyik. Onlar bu cür hərəkətlərlə daim əsl niyyətlərini bəlli ediblər. Bütün dünya onların necə bir millət olduğunu bilir. Bu təxribatlar öz başlarında çatlayacaq. Azərbaycanın başında İlham Əliyev kimi bir başçı, belə güclü, qorxmaz, mərd xalqı olduğu müddətdə Ermənistan elə yerində sayacaq".

Şəhər sakini Fatma Nəcəfova: "Xəbərlərdə Ermənistanın yenə dinc durmadığını eşidəndə ürəyim üzülür. Çünki qorxuruq ki, yenə hansısa ana gözüyaşlı, hansısa azyaşlı atasız qalacaq. Biz onsuz da xalq olaraq yaşayacağımız qədər acı yaşamışıq, çəkəcəyimiz qədər dərd çəkmişik. Artıq səbrimiz tükənir. Biz bunu 44 günlük müharibədə də göstərdik. Ermənistan artıq yola gəlməli və sülhə razı olmalıdır".

Şəhər sakini Akif Babayev: “Ermənistan heç vaxt riyakarlığından əl çəkmir. Onlar bilir ki, biz haqlı tərəfik. Ona görə də bu cür oyunlarla aranı qatmağa çalışırlar. Məqsədləri, sadəcə, sülh prosesinə mane olmaqdır. Amma haqq-ədalət sonunda öz yerini tapacaq. Ermənistan da başa düşəcək ki, bu təxribatlarla heç nə əldə edə bilməyəcək”.