Naxçıvan sakinləri ƏDV məbləğini geri alıb

28 Mart 2023 15:26 (UTC+04:00)

Naxçıvan MR-da “ƏDV geri al” layihəsinin tətbiq edildiyi ötən ilin dekabr ayından bu mart ayına qədər istehlakçılara ümumilikdə 184 522 kassa çeki üzrə 56,5 min manatdan çox ƏDV məbləği geri qaytarılıb.

SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bunun 137 184 kassa çeki üzrə 34,7 min manatı fevral ayının payına düşüb.

Yanvar ayı ilə müqayisədə fevral ayında kassa çekləri üzrə 2,9 dəfə, qaytarılan məbləğ üzrə 1,6 dəfə artım olub.

Hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 %-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i istehlakçılara geri qaytarılır.